Ulu Öndər Heydər Əliyev öz idarəçilik təcrübəsində milliliklə yanaşı ümumbəşəri təcrübədən də istifadə edirdi. Professor Azər Mustafayevin yazdığı kimi millətimizin bütün müsbət və ali keyfiyyətlərini özündə təcəssüm etdirən Ulu Öndər Heydər Əliyev sadə insan, əsil xalq və zəhmət adamı olmuşdur və Onun həyatda olan bütün uğurları yalnız və yalnız şəxsi iradəsi, ölçüyəgəlməz qeyri-adi, fitri istedadı, sərrafcasına xırd etmək qabiliyyəti və yorulmaq bilməyən əməksevərliyi nəticəsində əldə edilmişdir.
Kövrək müstəqilliyimizin möhkəmlənməsində Azərbaycan xalqına arxalanan (bəzi siyasətbazların əksinə yalan sözlərə, topa, gücə, silaha güvəndiyi halda) siyasət və hikmət səltənətinin sultanı Heydər Əliyev nurlu və mənalı ömrünü hələ sağlığında ikən qızıl hərflərlə nəsillərin qan yaddaşına yazmış, öz ölçüyəgəlməz və möhtəşəm əməlləri ilə xalqımızın qəlbində müstəqilliyimizin əbədiliyinə möhkəm inam işığını yandırmış, inkişaf və tərəqqi üçün başlıca faktor olan stabilliyi təmin etmişdir.
Heydər Əliyev Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini yenicə əldə etmiş, lakin hələ də problemlər, ziddiyyətlər məngənəsində, üstəgəl daxili və xarici çəkişmələr girdabında boğulan, Çingiz Aytmatovun obrazlı dili ilə desək əsrə bərabər məşəqqətli günlərini yaşayan", parçalanma həddinə çatmış Azərbaycanın milli maraqlarını və dövlət müstəqilliyini, onun ərazi toxunulmazlığını göz bəbəyi kimi qoruyub saxlamaq, hifz etməkdən ötrü tarix qarşısında olan müqəddəs, eyni zamanda, öz həyatı üçün olduqca təhlükəli, millətin varlığı və təhlükəsizliyi baxımından taleyüklü çox mühüm və çətin xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü dövrün və zamanın bütün ağırlıqlarını öz möhtəşəm çiyinləri üzərinə götürdü. O, siyasət səltənətinin cahangiri, millətin son ümidgahı və xilaskarı kimi ömrünün müdriklik çağında həyatının qalan hissəsini də xalqına bəxş etməkdən ötrü siyasi döyüş meydanına atıldı və əzəməti və qüdrəti ilə xalqı heyrətə gətirən və məşəl tək yanan ümid qığılcımalarını alovlandırdı.
Ziddiyyətlərlə dolu keçid dövrünün "milli lider" problemi öz həllini Heydər Əliyevin timsalında tapmayana qədər respublikamızda qeyri-stabillik, anarxiya baş alıb gedirdi və bunun da məntiqi nəticəsi olaraq Azərbaycan əvvəlcə "doğum əzabına" başa gəldiyi dövlətçiliyini, daha sonra əzəli torpaqlarını səriştəsiz siyasətçilərin dekonstruktiv siyasəti nəticəsində hərraca qoydu. Millətin sona qədər parçalanma təhlükəsi və Xəzərdə "balıqlara yem olma perspektivi" Ulu Öndərin səltənətə rəyasət etməsi nəticəsində aradan qalxdı, hakimiyyətin silkələnməsi və ərazilərin itirilmə faizi sıfıra endi.
Heydər Əliyevin uzaqgörən, məqsədyönlü, zəngin siyasi həyat təcrübəsi, əzmkarlığı, əyilməz dəyanəti, cahangirlik rəşadəti sayəsində qısa müddət ərzində ictimai həyatın bütün və başlıca istiqamətləri üzrə əsaslı, prinsipial dəyişikliklər baş verdi, iqtisadi islahatlar tənzimlənən bazar iqtisadiyyatına uyğunlaşdırıldı özəlləşmə, yeni sahibkarlığın yaranması proqramları bank-maliyyə sisteminin bazar iqtisadiyyatın tələblərinə cavab verən şəkildə qurulması mexanizmi işlənib hazırlandı. Milli və ümumbəşəri dəyərlərin dialektik vəhdətindən doğan demokratik təsisatlarının, söz və vicdan azadlığının hüquqi, dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının təməl daşını və qayəsini təşkil edən, eyni zamanda, bütün cəmiyyət üzvlərinin maraq və mənafelərinə, hüquq və vəzifələrinə uyğun gələn "qanun şahdır" prinsipi əsas götürüldü.
Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqının milli-dövlət maraqlarına uyğun tarazlaşdırılmış, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş, dərin ağlın və zamanın sınağından çıxmış, zəngin təcrübənin məntiqi hökmünə söykənən çevik və cəsarətli addımlar atmaq erası başlandı, müharibə vəziyyətində olan və məkrli düşmənlə üz-üzə qalan bir ölkə üçün son dərəcə vacib sayılan informasiya blokadası dağıdıldı. Daxili və xarici siyasətdə eksperimentlər və improvizasiyalar dövrü, dövlətçiliyimizə, milli maraqlarımıza ziyan gətirən romantik, xəyali, utopik çağırışlar və şüarlar yaxın tariximizin laxtalanmış təkərləri altında qaldı və siyasi səhnədən birdəfəlik süpürülərək çirkaba basmış siyasi xəndəklərə atıldı.
A.Mustafayevin fikrincə, Ulu Öndər heç nədən bir şey yaratmış, cahangirlik salnaməmizi zənginləşdirən əməli işləri ilə Azərbaycanımızın layiqli adını, millətimizin şərəf və ləyaqətini sözün əsil və hərfi mənasında özünə qaytarmışdır. Ümumiyyətlə, ictimai-siyasi fikir tarixini və müasir siyasi praktikanı dərin zəkası ilə zənginləşdirən Heydər Əliyevlə bağlı çox sözlər deyilib, yazılıb və yazılaraq əbədiləşib. Əslində, üzərinə götürdüyü öhdəlikləri lazımi anda böyük ustalıqla zərurətə çevirməyi bacaran Ulu Öndərin xüsusi tərifə ehtiyacı yoxdur. Çünki qiymətli metallar içərisində dəyərinə və keyfiyyətinə görə seçilən qızılın da xüsusi tərifə ehtiyacı yoxdur. Təsadüfi deyil ki, orta əsrlər müsəlman Şərqin ən qüdrətli filosoflarından sayılan İbn-Sina vaxtilə deyirdi ki, məlum olan şeylər və həqiqətlər haqqında xüsusi danışmağa lüzum yoxdur. Lakin söhbət bu gün tarixi şəxsiyyətlər və onların yaratdıqları milli-mənəvi və əxlaqi dəyərlərlə bağlı gələcək tariximizin düzgün, qeyd-şərtsiz, obyektiv yazılmasından, gələcək nəsillərin düzgün təlim-tərbiyəsindən, maarifləndirilməsindən gedir, dövlətçilik ənənələrimizin əsasını qoymuş Heydər Əliyev kimi fövqəlşəxsiyyətlərin gələcək nəsillərə nümunə ola biləcək şanslı, qəhrəmanlıq salnaməsindən gedir.
Biz bunu mütləq etməliyik! Əks halda biz, Heydər Əliyevlə bağlı tarixi həqiqətləri və gerçəklikləri söyləməsək və ya söyləməkdə geciksək, onsuz da gec-tez bizdən sonrakı nəsillər onunla bağlı reallıqları aşkarlayacaq, onda biz hamımız kimliyimizdən asılı olmayaraq, tarixin yaddaş və məsuliyyət məhkəməsindən yaxa qurtara bilməyəcək və onda daxili istirablarımız, narahatçılıq hissi, vicdan əzabı bizi öz məngənəsində boğaraq şərəf və ləyaqətimizə başucalığı gətirməyəcəkdir.
A.Mustafayev yazır: "XX əsrdə zaman, tarix və tale Azərbaycan xalqına iki böyük nemət bəxş etmişdir. Bunlardan birincisi, dövlət müstəqilliyimizin əldə edilməsi, ikincisi isə öz əhəmiyyətinə görə birincini tamamlayan, dövlət quruculuğunda və idarəçilikdə bənzəri olmayan Heydər Əliyev dühasının və zəkasının mövcudluğu olmuşdur." Siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov yazır ki, Heydər Əliyev böyük bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Onun adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.
Hazırda Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, Onun ideyaları xalqımızın qəlbində yaşayır. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi də məhz Heydər Əliyev ideyalarının yaşamasının, Onun siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin ölkəni irəli aparıb sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu son on ildə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hazırda Azərbaycanın inkişaf sürəti elə bir mərhələyə gəlib çatıb ki, obyektiv şərait dövlətin idarəçiliyində, dövlət siyasətinin həyata keçirilməsində zamanın tələbinə uyğun qloballaşma proseslərinə müvafiq yeni münasibətləri zəruri edir. İlham Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayandan bu günə qədər ölkədə baş verən müsbət dəyişikliklər təsdiq edir ki, təcrübəli siyasətçi və qətiyyətli dövlət başçısı Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla yerinə yetirilir.
M.Sərdarov göstərir ki, dövlətçiliyimizin tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından xeyli kənara çıxmışdır. Dünyada baş verən proseslərə təsiri baxımından daima seçilən və qloballaşan dünyanın ən mühüm məsələlərindən məharətlə baş çıxaran Ulu Öndərimiz öz dövrünün tanınmış siyasi xadimləri sırasında layiqli yer tutmuşdur.
Burada Heydər Əliyev fenomeni ilə bağlı akademik Ramiz Mehdiyevin fikirlərinə istinad etmək yerinə düşərdi. O yazır: "Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin 30 ildən artıq dövrünü əhatə edən bütöv bir epoxa Heydər Əliyevin adı ilə bağlıdır... Onun yaratdığı fəlsəfi konsepsiya Azərbaycanın müasir dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyi prosesinin ideya əsasını yaratmışdır".
Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov yazır: "Bəs idarəetmə sistemində hansı hərəkətlər və keyfiyyətlər liderliyin göstəricisidir? Sözsüz ki, əsil lider bütün sahələrdə diqqət cəlb edəndir. Qeyd edək ki, xarizma anlayışı idarəetmədə liderliyi təsvir etmək üçün geniş istifadə olunur. Əgər rəhbərdə özünü realizə etmək motivasiyası varsa və təkimilləşirsə (bu da maraq və heyranlıq oyadır), o, tabelikdə olanlar üçün diqqətçəkən liderdir. Belə lider adamları ardınca aparmağa qadirdir. Lakin xarizmatik lider öz ardıcıllarını çox güclü affekt asılılığına da sala bilər. Müasir liderlik görüşləri nöqteyi-nəzərindən, burada həm müsbət, həm də mənfi cəhətlər var. Cazibədar şəxsiyyət hərəkətə impuls verir, sonra isə ardıcılları ona arxalanaraq, öz liderlik qabiliyyətlərinə şübhə ilə yanaşmağa başlayırlar. Bu günün tələbinə uyğun olaraq deyə bilərik ki, liderlik yuxarıda cəmləşməyib, iyearxiyanın bütün pillələrində paylaşdırımalıdır və yerini şəxsiyyətdən biliyə doğru dəyişməlidir. Hakimiyyətdə plüralizmə doğru ümumi meyil liderlik fenomenində də özünü göstərir, yəni hakimiyyətsiz idarəetmə strukturu yoxdur. Bu mənada XXI əsrdə lider doğulmurlar, baxmayaraq ki, bəzi adamlara təbiət tərəfindən belə şəxsiyyət cazibədarlığı verilir. Bu baxımdan Azərbaycan xalqının bəxti gətirmişdir, Ümummilli Lider Heydər Əliyevin istər şaxsiyyəti, istərsə də biliyi onun müstəsna xarizmasının formalaşmasını özündə ehtiva edir. Odur ki, Heydər Əliyevi Azərbaycanda həm XX əsrin, həm də XXI əsrin lideri hesab etmək mümkündür."
Qeyd edək ki, müasir dövrün tədqiqatçıları hakimiyyətin milli və ümumbəşəriliyin vəhdəti olan iki növünü aktual hesab edirlər: bilik hakimiyyəti və şəxsiyyət hakimiyyəti. Məhz bu liderlik adətləri müasir şəraitlərdə effektiv rəhbər olmaq, yəni adamların şüur və davranışına təsir etmək və dəyişmək imkanı verir. Burada ilk öncə insan kapitalından söhbət getməlidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "iqtisadi kapitalı insan kapitalına çevirməliyik" ideyası gələcəyin strategiyasını müəyyənləşdirmək yolunda mayak rolunu oynamalıdır. Ona görə də innovasiyalara istiqamətləndirilmiş siyasi sistemlərdə rəhbərin öncəgörmə qabiliyyəti də böyük əhəmiyyətə malikdir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru