PDF Oxu

Siyasət

  • 16

Məktəb həyatının son zəngi çalındı

Məktəb həyatının son zəngi çalındı

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118 min 206, XI siniflərini 86 min 797 nəfər şagird bitirir

Dünən Azərbaycan məktəblərində on bir illik məktəb həyatının son zəngi çalındı. Təhsilimizdə iz qoyacaq bir sıra hadisələrlə zəngin olan 2013-2014-cü tədris ili başa çatdı. Məktəb həyatına "əlvida" deyən gənclər doğma, əziz müəllimlərindən son məsləhət və tövsiyələrini eşitdilər. Müstəqil həyatlarının astanasında onlara ünvanlanan təbrikləri eşitdilər. Məktəb həyatı ilə sıx bağlı olan, qaynar ömrə vida söyləyən məktəblilər, məzun kimi sevinc hissini yaşadılar. On bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən balacalar on bir illik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə aldılar. Bu vəsiqə cəmiyyətdə məsuliyyətlə addımlayacaq gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək bir sənəddir.

Həyatın ağrı-acısının nə olduğunu bilməyən gənclər respublikanın gələcək qurucuları kimi ilk addımlarını atacaq, müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklər. Dövlətin idarə olunmasında onların xidmətləri xüsusi olacaq, amma bu gün çalınan zəngin təəssüratlarını heç zaman yaddan çıxarmayacaqlar. Həmin gün müəllimlərin onlara etdiyi tövsiyələri ömürləri boyu xatırlayacaqlar. Azərbaycanın bir çox bölgələrində yerləşən orta məktəblərdə çalınan zənglər, nəinki məzunlar üçün, eləcə də, onları boya-başa çatdıran valideynləri üçün böyük bir bayram sevincidir. Bu zəngin tarixi dövründə neçə-neçə məzunlar həyata vəsiqə alıb, ömrün qalan hissəsini vətənə xidmətə həsr etmişdilər.

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirib. Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq. 2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirmişdir.

Minlərlə məzun müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi vətənin keşiyinidə dayanacaqlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmasından asılı olmayaraq dövlətimizə, dövlətçiliyimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır. Azərbaycanın gələcəyi üçün layiqli övladlar yetişir. Müasir dövrümüzdə dövlət tərəfindən məktəblilərə göstərilən diqqət və qayğı onların təhsil səviyyələrinin yüksəlməsinə, yüksək dərəcəli təhsil almalarına müsbət təsirini göstəririr. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblər əsaslı şəkildə təmir olunmuş, məktəblilərin təhsil alması üçün burada lazımi şərait yaradılmışdır.

Müasir təhsil bazasına yiyələnən məktəblilərə yeni texnologiya əsasında dərslər keçirilir. Məktəblərdə otaqlara kompüterlər quraşdırılmışdır. Mehriban xanım Əliyevanın dəstəyi ilə yeni tipli məktəblər tikilmiş, müasir avadanlıqla təmin edilmişdir. Heydər Əliyev Fondu hər il ölkənin bütün birinci sinif şagirdlərinə ilk təhsil günündə bu cür töhfələr verilir. "Təhsilə dəstək" layihəsi çərçivəsində isə hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatının paylanması Heydər Əliyev Fondunun artıq ənənəsinə çevrilmişdir. Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti diqqəti cəlb edir. Hətta bir sıra xarici ölkələrdə, Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da dövlətin diqqət və məhəbbətindən kənarda qalmırlar. Hər bir azərbaycanlının təhsili, elmi biliklərə yiyələnərək həyata vəsiqə alması Azərbaycanın gələcək həyatının möhkəm təməli, inkişafının daha da sürətlənməsi deməkdir. Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də, fondun diqqətindən kənarda qalmamış, məktəbə kompyüter dəsti və dərs vəsaiti göndərilmişdir. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi də uğurla davam edir.

Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Müasir gənclik ab-havasının içərisində məsuliyyət hissini ön plana çəkib. Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına gətirib çıxarır. Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaratdı. Bu gün Heydər Əliyevin maarifçilik ideyalarını Prezident İlham Əliyev uğurla həyata keçirir. Gələcəyin inkişafı onun təhsilindən başlayır. Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunur. Təhsil cəmiyyətimizdə yüksək yer tutan böyük qüvvə olmaqla yanaşı, cəmiyyətimizin öndə gedən sahələrindən biridir.

Müasir dövrümüz elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir. Bu, dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Ölkəmizdə gedən yenidənqurma işləri, iqtisadi və mədəni sosial sahələrdə aparılan islahatlar Azərbaycan təhsilinə təsirini göstərməkdədir. Yaşadığımız yüzillik "Təhsil və informasiya əsri" elan edildiyindən ölkə başçısı tərəfindən təhsilə böyük önəm verilir. Yeni proqram və layihələr, təhsil islahatları həyata keçirilir. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Buna görə də məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilir.

Bugünün məzunu ona görə xoşbəxtdir ki, ölkədə aparılan düzgün təhsil strategiyası mövcuddur və dünyanın bir sıra ölkələri ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı möhkəmlənib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Hazırda Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb. Cənab İlham Əliyev bu haqda çıxışlarının birində belə deyib: "Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsil mənasında, inkişaf edir və orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın".

Həqiqətən də müasir dövrümüzdə Azərbaycan təhsili yeni mərhələni yaşayır. Təhsil sisteminin modernləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq Cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" Sərəncamı da təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd olaraq əhəmiyyətlidir.

Bəli, məktəblilərimiz belə bir məkanda, daim inkişafda olan Azərbaycanda təhsil alır, elmi biliklərə yiyələnirlər. Bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalıdırlar. Respublikada həyat səviyyəsinin daha da yüksəldilməsi üçün gənclərin bütün qüvvələrindən istifadə etməsi vacibdir. Qarabağın azad olunması, Qafqaz ölkələri sırasında Azərbaycanın sülhsevər bir dövlət kimi hər zaman seçilməsi məhz bugünkü məzunlardan da asılıdır. Bugünün məzunu mətin, iradəli, intellektual səviyyəli gənclərdir. Onları həyata, cəmiyyətə hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız var.

Çalınan zəng həyata çağırış zəngidir. Yolunuz uğurlu olsun, məzunlar!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər