Benilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa İttifaqının paytaxtı Brüssel şəhərində yerləşən mənzil-qərargahının rəsmi açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə təşkilatın mənzil-qərargahı Brüsselin məşhur "Qrand Plaza" Meydanı dairəsində yerləşir. Yeni ofisin rəsmi açılışında Brüsseldə akkreditə olunmuş diplomatlar, siyasətçilər, Azərbaycan, Turkiyə, Ukrayna və yəhudi diaspor təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov qonaqları salamlayaraq təşkilat üzvlərini BAK-ın Brüsseldəki mənzil-qərargahının açılışı münasibətilə təbrik edib. O, təşkiların bundan sonra Belçika və Luksemburqda da aktiv fəaliyyət göstərəcəyini vurğulayıb. Daha sonra tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki mənzil-qərargahının açılışı münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.
Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Benilüks Azərbaycanlıları Konqresini əldə etdiyi nailiyyətlərə görə təbrik edib və təşkilatın lobbiçilik istiqamətində inamla addımladığını xüsusi qeyd edib. İslam Əməkdaşlıq Konfransının Avropa İttifaqındakı Nümayəndəliyinin rəhbəri Arif Məmmədov BAK rəhbərliyini və üzvlərini təbrik edərək təşkilatın Avropa İttifaqı ölkələrindəki fəaliyyətindən bəhs edib və sonrakı işlərində uğurlar arzulayıb.
NƏZAKƏT