"Rusiya ilə Qazaxıstanın Ermənistan dövlətini Gömrük İttifaqına qəbul etməsi qanunsuzdur. Çünki Ermənistan təcavüzkar dövlətdir". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Qazaxıstanın paytaxtı Astana şəhərində Ali Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı baş tutan toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuması zamanı Ermənistan prezidenti Serj Sarkisyanın təşvişə düşməsinə və Rusiya prezidenti Vladimir Putinin reaksiyasına münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasından işğalçı ölkənin 4 qətnamə ilə təcavüzü pislənilib: "BMT TŞ tələb edib ki, bütün işğalçı qoşunlar işğal olunmuş ərazilərdən çıxsın. Amma çox təəssüf ki, Ermənistan dövləti hələ də bunu etmir. Yəni bu cür dövlətlə ümumiyyətlə İttifaq bağlamaq düzgün deyil. Bu Gömrük İttifaqı Rusiyanın ideyası ilə yaradılıb. Rəsmi Moskva 1997-ci ildə "Əsgəri İttifaq" bağlayıb. Serj Sarkisyanla Vladimir Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxumasından sonra reaksiyalarının dəyişməsi əsassız yerə deyil. Çünki bu torpaqları işğal edən, elə Sakisyanın adından Rusiya prezidenti Putin olub.Hələ Sovet dövründə ermənilərə söz verilib ki, Dağlıq Qarabağı biz sizə bağışlayırıq. İşğalçı ölkə qanunsuz olaraq öz konstitusiyası ilə Dağlıq Qarabağı özlərinin ərazisi elan edib. İndi də Serj Sarkisyan razılaşanda ki, Gömrük İttifaqına Dağlıq Qarabağsız daxil olsun, bu zaman onun düşmənləri onu xain adlandıracaqlar. Bu vəziyyət onlar üçün belədir. Buna görə də həm Sarkisyan, həm də Putin narazıdır".
yap.org.az