"Türkiyə ilə Azərbaycan bütün sferalarda müttəfiq, eləcə də beynəlxalq arenada eyni mövqedən çıxış edən dövlətlərdir. Bizi qardaş Türkiyə ilə həm tarixi köklərimiz, həm də dünyada baş verən proseslərə eyni mövqedən yanaşma bağlayır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov mayın 30-da İstanbulda Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində Türkiyənin payının 30 faizədək artırılmasına dair imzlanan müqaviləyə münasibət bildirərkən deyib.İqtisadçının sözlərinə görə, Türkiyənin və Azərbaycanın milli və dövlət maraqları çərçivəsində hər iki dövlət birgə çıxış edir: "Eyni zamanda bir çox böyük layihələrin həyata keçirilməsində qardaş ölkə və Azərbaycan eyni mövqe sərgiləyir. Xüsusilə Avropanın mavi yanacaqla təminatında Azərbaycan və Türkiyə mühüm əhəmiyyət kəsb edən ölkədir.TANAP layihəsi də Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallaşan layihədir. Bu, Avropanın enerji təchizatı ilə bağlı ən etibarlı layihədir ki, burada da Türkiyə Azərbaycanla bərabər xüsusi rola malikdir. Bununla belə TANAP layihəsinin reallaşması üçün Türkiyənin burada payı 30 faiz artırıldı. Təbii ki, bu da işin daha effektli olması və sürətli həyata keçməsi, eləcə də Azərbaycan-Türkiyə arasında qarşılıqlı etimadın və birgə əməkdaşlığın təzahürüdür. Bundan sonra da qardaş ölkə ilə tarixi və iqtisadi əlaqələrimiz daha sıx olacaq və əməkdaşlığımız yeni müstəvidə inkişaf etdiriləcək".
sia.az