"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi ondan asılı olacaqdır"
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Səbail rayon icra hakimiyyəti tərəfindən tədbirlər planına uyğun olaraq, rayondakı Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində tədbir keçirilib. Tədbiri açıq elan edən məktəbin direktoru Məhin Orucova uşaqları və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək bildirib ki, 1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
M.Orucova onu da vurğulayıb ki, 3 saylı Uşaq Musiqi Məktəbi 1955-ci ildən fəaliyyət göstərir, məktəbdə fortepiano, skripka, gitara, klarnet, truba, saksafon, fleyta, zərb alətiləri, tar, kamança, qanon, balaban, qarmon, xanəndə, xor, estrada və vokal siniflərində, ümumilikdə 332 uşaq təhsil alır ki, onlara 96 müəllim dərs deyir. 2012-ci ildə məktəb sökülərək yenidən tikilmiş, burada uşaqların normal təhsili üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bütün uşaqları və onların valideynlərini 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək, onlara can sağlığı, xoşbəxt həyat, uğurlar arzulayıb. Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir: "Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur".
A.Əsgərov Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb: "Uzaqgörən siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının "2009-cu ilin "Uşaq İli" elan olunması ilə bağlı" Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, bir çox körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd - uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir".
Sonda Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında Şarl Perronun nağılları əsasında Avstriya bəstəkarı Y.Haydnın fortepiano sonatalarının musiqisinə yazılmış opera-zarafat nümayiş etdirilib.
ÜLVİ