PDF Oxu

Siyasət

  • 23

YAP İsmayıllı rayon təşkilatı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib

YAP İsmayıllı rayon təşkilatı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib

YAP İsmayıllı rayon təşkilatı Qurbanəfəndi kənd tam orta məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır.

Onun dediyinə görə, uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var:"Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu, Azərbaycan Respublikası Ailə Məcəlləsində öz əksini tapmışdır. XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlarına məruz qalmışlar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insani hüquqlarını kobudcasına pozmuşdur. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasıdır. Bu konvensiyaya dünyanın 189 ölkəsi qoşulmuşdur. Azərbaycan da 1992-ci ildən bu konvensiyaya qoşulmaqla gələcəkdə uşaqların hüquqlarının qorunması naminə böyük bir addım atmış oldu".

Ə.Vahabova bildirib ki, Azərbaycan dövləti bu konvensiyadan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirir. Bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan "Uşaq hüquqları haqqında" qanun qəbul edilmişdir. Rayon təşkilat sədri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illərdə, eləcə də ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi dövründə müasir, müstəqil və sürətlə inkişaf edən və möhkəmlənən güclü Azərbaycan dövləti gələcəyimiz olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərmiş, onların işıqlı sabahını, xoşbəxt həyatını təmin etmək üçün lazımi tədbirlər həyata keçirilib. Uşaqların ən böyük qayğıkeşi və himayədarı olan Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki çoxşaxəli fəaliyyəti bütün dünyada təqdir olunur.

Tədbirdə çıxış edən Qurbanəfəndi ərazi ilk partiya təşkilatının sədri Cavad Qarayev, Qurbanəfəndi kənd tam orta məktəbinin direktoru Tofiq Qurbanov, məktəbin müəllimi Xavər Allahverdiyeva, valideyn Ramiz Səfərov, Mahmud Qurbanov və başqaları qeyd ediblər ki, ölkəmizin gələcəyi uşaqların əlindədir və buna görə də onların müdafiəsinə hamılıqla qoşulmaq hər kəsin borcudur. Natiqlər onu da vurğulayıblar ki, güclənməkdə olan Azərbaycan dövləti bundan sonra da uşaqların daha rahat yaşaması və hərtərəfli inkişafı üçün lazımi tədbirləri gerçəkləşdirəcək.

Sonda təhsildə fərqlənən uşaqlara hədiyyələr təqdim edilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər