PDF Oxu

Siyasət

  • 19

YAP Ağcabədi rayon təşkilatında müşavirə keçirilib

YAP Ağcabədi rayon təşkilatında müşavirə keçirilib

YAP Ağcabədi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək, son bir il, o cümlədən, cari ilin 5 ayı ərzində görülən işlər barədə məlumat verib, eyni zamanda ilk təşkilatların fəaliyyəti təhlil edilib.

Məruzəçi qeyd edib ki, ötən il rayon təşkilatının həyatında ən əlamətdar hadisə YAP Ağcabədi rayon təşkilatının yeni inzibati binasının tikilib istifadəyə verilməsi və həmin binanın açılışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin şəxsən iştirak etməsi olmuşdur. Ötən ilin avqust ayının 29-da açılışı olmuş yeni inzibati bina həm arxitektura, həm də zəruri texniki avadanlıqla təmin olunması baxımından fərqləndiyini dəqqətə çatdıran R.Əhmədov binada yüksək səviyyədə fəaliyyət üçün bütün şərait yaradıldığını diqqətə çatdırıb.

Rayon təşkilat sədri ötən ilin ən yaddaqalan hadisənin Azərbaycan Respublikasında keçirilən prezident seçkilərinin olduğunu bildirib:"Aprel ayından başlayaraq, Prezident seçkilərinə hazırlıq işləri YAP Ağcabədi rayon təşkilatının fəaliyyətinin əsas istiqaməti olmuşdur. Tərtib edilmiş təqvim planına əsasən, təbliğat və təşviqat kampaniyasının düzgün qurulması, Prezidentliyə namizəd Cənab İlham Əliyevin 10 illik prezidentlik fəaliyyəti dövründə gördüyü işlərin təbliğinin əhali və seçicilər arasında mütəmadi aparılması, təbliğat-təşviqat qrupunun üzvlərinin demək olar ki, rayonun bütün yaşayış məntəqələrində və əmək kollektivlərində görüşlər keçirməsi öz bəhrəsini verdi. Görülən işlərin nəticəsi olaraq YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səs çoxluğunu qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib".

Natiq çıxışında YAP Ağcabədi rayon təşkilatının partiyanın sıralarının genişlənməsini daim diqqətdə saxladığını bildirdi:"Ərazi ilk təşkilatlarının apardığı düzgün təbliğat və YAP-ın respublikamızın ictimai-siyasi həyatında oynadığı rolun gənclər arasında təbliği nəticəsində ötən ilin may ayından bu günədək YAP sıralarına 2418 nəfər daxil olmuşdur ki, onların əksəriyyəti gənclər və qadınlardır. Təkcə bu ilin 5 ayı ərzində 948 nəfər Yeni Azərbaycan Partiyası üzvlüyünə qəbul edilmişdir. Hazırda YAP Ağcabədi rayon təşkilatının 11026 nəfər üzvü vardır ki, onların 5027 nəfərini qadınlar (45.6 %), 4344 nəfərini isə gənclər (39.4 %) təşkil edir.

Sonra məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva, rayon gənclər birliyinin sədri Nicat Axundov, Rəncbərlər kənd ərazi ilk təşkilatının sədri İsmayıl Həsənov çıxış edərək, görülən işlər və qarşıda duran vəzifələr barədə öz fikirlərini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Yığıncaqda cari ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri də müzakirə olunub, hazırlıq mərhələsində ərazi ilk təşkilatların həyata keçirəcəkləri işlər barədə onlara tövsiyələr verilib.

Yığıncağın sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən müsabiqə və idman yarışlarının qaliblərinə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanı və hədiyyələr, YAP sıralarına yenicə daxil olmuş gənclərə partiyanın vəsiqələri təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər