Iyunun 4-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə yola düşəcəkdir.
AzərTAc xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu iyunun 3-də mətbuata açıqlamasında demişdir.
Bildirilmişdir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin, ölkənin Baş nazirinin müavini Dmitri Roqozin ilə görüşləri nəzərdə tutulmuşdur.
Görüşlərdə parlamentlər səviyyəsində münasibətlərimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.
Səfər iyunun 5-də başa çatacaqdır.
AzərTAc