PDF Oxu

Siyasət

  • 22

İlham Əliyev: “Bizim sözümüz imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq”

İlham Əliyev: “Bizim sözümüz imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq”

İyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı işə başlayıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Respublikamızın paytaxtında ənənəvi olaraq keçirilən neft-qaz sərgi və konfransı Xəzəryanı regionda ən böyük belə mötəbər tədbirdir. Burada neft, qaz hasilatı və emalı, həmçinin nəqletmə, logistika və servis sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Sərgi beynəlxalq standartlara cavab verən Bakı Sərgi Mərkəzində keçirilməyə başlayandan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində 29 ölkədən 400-dən çox şirkət təmsil olunur. Bunların əksəriyyəti dünyanın ən nüfuzlu şirkətləridir və onların bir qismini "Əsrin Müqaviləsi"nin iştirakçıları təşkil edir.

Budəfəki sərgidə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Çin və Rusiyadan 8 milli qrup təmsil olunur. Bu tədbirdə ölkəmizin şirkətləri ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə də iştirakçıların təqribən 30 faizdən çoxunu yerli iqtisadi qurumlar təşkil edir. Əvvəlki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 10 faiz çoxdur. Sərginin bir sıra iştirakçıları bu tədbirə ilk dəfə qatılmışdır. Təşkilatçılar sərginin beynəlxalq səviyyədə də dolğun işıqlandırılması üçün hərtərəfli iş aparmışlar. Sərgi və konfransın işgüzar proqramı genişdir və əməkdaşlığın daha da möhkəmləndirilməsinə hərtərəfli imkanlar açır. Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi və konfransı açaraq bildirib ki, dedi: bu, 21-ci sərginin açılışıdır və "Əsrin Müqaviləsi"nin imzalanmasının 20-ci ildönümüdür:

"Zati-aliləri, cənab Prezident.

Xanımlar və cənablar.

Mənim adım Endryu Vuddur və mən burada "İTECA-nı təmsil edirəm. Hər birinizi salamlayıram. Çox mühüm bir gündür. Bu, 21-ci sərginin açılışıdır və "Əsrin Müqaviləsi"nin imzalanmasının 20-ci ildönümüdür. Bunu qeyd etmək üçün səbəbimiz çoxdur. Mən 1993-cü ildə burada olanda Bakının simasını görmüşdüm. Bu gün isə Bakı qürur duymaq üçün böyük bir şəhərdir. Bu şəhərlə təkcə Azərbaycan xalqı deyil, eyni zamanda, bu ölkənin firavanlığı naminə çalışanlar fəxr edirlər. Sizin hər birinizi salamlayıram, gəldiyinizə görə təşəkkür edirəm. Eyni zamanda, qarşılıqlı nailiyyətlərimizlə bağlı hər birinizi təbrik edirəm.

Mən Azərbaycan Respublikası Hökumətinin fəaliyyətini təqdir edirəm. Azərbaycan Hökuməti ölkənin sərvətlərinin bütün əhali üçün bərabər şəkildə paylanmasını və insanların firavanlığını təmin etmişdir. Hər birinizə davamlı tərəfdaşlığımızın uzunmüddətli olması üçün uğurlar arzulayıram. Eyni zamanda, Azərbaycan xalqına və Hökumətinə davamlı tərəqqi və firavanlıq diləyirəm. İcazənizlə Zati-aliləri cənab Prezident İlham Əliyevi tribunaya dəvət edərək onun gələcək planlarını eşitmək istərdik. Təşəkkür edirəm."

Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Prezident İlham Əliyev nitqində qeyd edib ki, bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır:

"Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir. Sərgiyə isə maraq azalmır, artır. Bu gün sərgidə 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edir, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır.

Sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir. Çünki Azərbaycanın neft-qaz sektoru imkanlarını və fəaliyyətini ildən-ilə genişləndirir. Çünki bizim qarşımızda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır və biz çalışacağıq ki, bütün vəzifələri eyni qətiyyətlə və səmərə ilə icra edək.

Əlbəttə, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının Prezidenti və Böyük Britaniyanın Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır. Çünki dünyanın iki aparıcı ölkəsinin dövlət və hökumət başçıları sərgiyə öz diqqətini əsirgəmirlər. Hesab edirəm ki, bizim sərgimiz dünya miqyasında öz nadir rolunu saxlamaqdadır.

Onu da qeyd etməliyəm ki, biz son illər ərzində qazanılmış uğurları tərəfdaşlarımızla birgə əldə etmişik. Çünki 1994-cü ildə dünyada Azərbaycan haqqında təsəvvür o qədər də geniş deyildi. Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar hamımızın yadındadır.

1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir. O cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir."

Ölkə Prezidenti diqqətə çatdırıb ki, 1994-cü ildə sərginin birinci tədbiri dünyanın neft-qaz şirkətlərinin Azərbaycan iqtisadiyyatına diqqətini artırıb və bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir:

"1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən "Əsrin Kontraktı" imzalanmışdır. Bu, tarixi hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər "Əsrin Kontraktı" imzalanmasaydı, - Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi, - bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı. Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, investorlara minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etdilər. Mən bp şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. bp bizim ən böyük investorumuzdur, ən böyük tərəfdaşımızdır. İyirmi ildir bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, bundan sonra ən azı 20 il, bəlkə ondan da çox bp-SOCAR əməkdaşlığı, tərəfdaşlığı Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcəkdir.

Mən çox şadam ki, bizim bp kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik, bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük.

1994-cü ildə biz yeni siyasətə qədəm qoyduq və o ildən başlayaraq bu günə qədər Azərbaycan neft-qaz sektorunda böyük uğurlara imza atmışdır. Deyə bilərəm ki, kontrakt imzalanandan sonra dünya tarixində bəlkə də ən qısa müddət ərzində ilk neftin çıxarılmasına qədər cəmi üç il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə "Çıraq" platformasından ilk neft çıxarılmışdır. Mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu nəyə gətirib çıxaracaqdır. Ancaq bugünkü reallıq, Azərbaycanın bugünkü uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır. Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşdi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir. Azərbaycan ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır. Azərbaycan etibarlı tranzit ölkəsidir. Hesab edirəm, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq.

Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir. Bu gün bizim imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Azərbaycan əlbəttə ki, getdikcə öz imkanlarını genişləndirəcəkdir.

Hesab edirəm, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir ziddiyyət olmasın və tərəflər ancaq fayda götürsün. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Digər əlamət ondan ibarətdir ki, biz heç vaxt öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün istifadə etməmişik. Sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla əməkdaşlığı dərinləşdirmişik. Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq."

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz hasil edən ölkə kimi tanınır. Bu gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi bu gün bilavasitə ölkələrin milli təhlükəsizliyi ilə bağlıdır. Bu iki amili bir-birindən ayırmaq mümkün deyildir. Prezident qeyd edib ki, 1996-cı ildə - "Əsrin Kontraktı"nın imzalanmasından cəmi iki il sonra "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı imzalanmış müqavilə bu gün əlbəttə ki, xüsusi məna daşıyır:

"O illərdə də biz bilirik ki, Azərbaycanın zəngin qaz yataqları var idi və məhz "Şahdəniz" qaz yatağının işlənilməsi bunu təsdiq etdi. "Şahdəniz" qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50 faizini təşkil edir. Özlüyündə böyük yataqdır. Ancaq bizim digər böyük qaz yataqlarımız da vardır. Son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində "Ümid" və "Abşeron" qaz yataqları aşkarlanıb. "Şahdəniz", "Ümid", "Abşeron" və digər yataqlarda olan qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayacaq və şadam ki, artıq bu istiqamətdə də çox vacib addımlar atılmışdır.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Artıq 7 ildir ki, Azərbaycan öz qazını dünya bazarlarına, daha doğrusu, regional bazarlara çıxarır. Bizim neft, qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə şaxələndirməni tam şəkildə təmin edir. Çünki bizim 7 neft-qaz kəmərimiz var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Çünki bizdə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz. Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat vardır. Biz son illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Bu gün "Cənub" qaz dəhlizinin reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. "Şahdəniz-2" layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda hazırda heç bir maneə yoxdur.

Ancaq biz yaxşı xatırlayırıq ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdır və sadəcə olaraq ildən-ilə müşahidə edilən müzakirələr, bəyanatlar, amma ortada bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr vaxtında, hətta vaxtından əvvəl reallaşır. Ona görə, biz heç vaxt imkan verə bilməzdik ki, "Cənub" qaz layihəsi gözəl bir layihə, ideya kimi qalsın.

Mən çox şadam ki, bizim tərəfdaşımız bp şirkəti də TANAP-ın səhmlərinə sahib olubdur və beləliklə, bu böyük beynəlxalq layihə "Cənub" qaz dəhlizinin reallaşmasına həlledici təsirini göstərəcəkdir. Əlbəttə, biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı bütün məsələləri həll etmişik. Neft hasilatı sabitdir. İxrac imkanları genişdir. Biz qaz bazarına da çıxmışıq. Ancaq biz çalışırıq ki, beynəlxalq əməkdaşlığı maksimum dərəcədə genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapdı və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri tikiləcəkdir."

Daha sonra Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold ölkəsinin Baş naziri xanım Erna Solberqin və

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktublarını oxuyublar.

Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu. Məlumat verildi ki, bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur və onların arasında "Əsrin müqaviləsi"nin bilavasitə iştirakçıları vardır. Qeyd edildi ki, dördgünlük sərginin işgüzar proqramı da zəngin olacaqdır. Sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar, şirkətlərin təqdimatları təşkil olunacaqdır. Dövlətimizin başçısı sərginin Fəxri qonaqlar kitabını imzaladı.

Digər xəbərlər