Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulu Əli Əlizadənin İranın məşhur "İranscope" jurnalında müsahibəsi dərc olunmuşdur.
Jurnalın həmin nömrəsində 28 May - Respublika Günü münasibətilə baş konsulluğun təşkil etdiyi mərasim barədə də fars və ingilis dillərində məlumat dərc olunmuşdur.
"www.avadiplomatic.com" saytında da yerləşdirilmiş müsahibədə baş konsul Azərbaycan-İran münasibətlərinin inkişafının real vəziyyəti və perspektivləri, o cümlədən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafından bəhs edir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini diqqətə çatdıran baş konsul vurğulamışdır ki, ölkəmizin sürətli inkişafı Azərbaycan-İran münasibətlərində də yeni bir əməkdaşlıq müstəvisi yaratmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin real nəticələri barədə fikirlərini bölüşən Ə.Əlizadə bildirmişdir ki, həyata keçirilən çoxşaxəli islahatlar və inkişaf istiqamətləri ölkədə ümumi daxili məhsulun həcmini artırmış, iqtisadiyyatın bütün sahələrində qurulan müasir istehsal sahələri nəticəsində yeni iş yerləri açılmış, əhalinin rifahı yüksəlmiş, Azərbaycan məhsulları dünya bazarında rəqabət imkanı qazanmışdır.
AzərTAc