MDB-nin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 59-cu iclasının iştirakçıları iyunun 4-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilmiş, məzarı üzərinə güllər qoyulmuşdur.
İclas iştirakçıları zəmanəmizin böyük musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin də xatirəsini anmış, məzarı üzərinə tər çiçəklər düzmüşlər.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc