PDF Oxu

Siyasət

  • 30

Azərbaycan xarici tərəfdaşlar üçün siyasi mərkəz və investisiya mənbəyi kimi maraqlıdır

Azərbaycan xarici tərəfdaşlar üçün siyasi mərkəz və investisiya mənbəyi kimi maraqlıdır

Prezident İlham Əliyev: "Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək"

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal proyektlərin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Balanslaşdırılmış xarici siyasət strategiyası kimi rəsmiləşdirilmiş bu kursun banisi isə Ümummilli Lider Heydər Əliyevdir. Eyni siyasi kursu isə bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Hazırda ölkəmizin xarici siyasəti çoxvektorlu olmaqla bərabər eyni zamanda xüsusi məqamları ilə də yadda qalır. Çünki Azərbaycan daha çox ikitərəfli münasibətlərin qurulmasına üstünlük verir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın xarici siyasətlə bağlı təşəbbüsləri gözəl nəticələr verir: "Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı münasibətlərimiz vardır. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır. O cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz vardır. Biz artıq investisiyaları xarici ölkələrə yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır".

Azərbaycan yürütdüyü sülhməramlı və əməkdaşlığa meyilli xarici siyasətilə bütün dünyada rəğbət qazana bilib. İstər çoxtərəfli əlaqələr, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dünya ölkələrilə qarşılıqlı faydalı münasibətlər yaradan Azərbaycan qonşu ölkələrlə də (Ermənsitan istisna olmaqla) möhkəm əlaqələr qurur. "Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da möhkəm olmalıdır. Burada bizim bütün qonşu ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün qonşularla münasibətlər bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq qalacaqdır. Böyük imkanlar vardır. Həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da yaradılmışdır. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilmişdir. Biz buna böyük əhəmiyyət veririk. Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət göstərir. Əlbəttə ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıbdır" - deyə bildirən Prezident İlham Əliyev əslində Azərbaycan dövlətinin xarici siyasətinin mühüm prinsiplərindən birini açıqlamış olur.

Bundan başqa, Azərbaycanın xarici siyasət kursu ilə bağlı digər mühüm prinsip ondan ibarətdir ki, rəsmi Bakı bütün məsələlərdə prinsipial mövqe ortaya qoyur. Azərbaycan heç bir halda müəyyən ölkələr kimi dəyişkən xarici siyasət yürütmür və ya prinsipsizlik nümayiş etdirmir. Bu mənada Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan beynəlxalq təşkilatlar daxilində də fəal əməkdaşlıq edir: "Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir. BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, islam Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki biz islam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər vardır. Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona görə hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib çatıb. Ancaq hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz daha da təsirli olacaqdır. Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik".

Əlbəttə ki, Azərbaycanın xarici siyasətinin mühüm prinsiplərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bu istiqamətdə Azərbaycan ötən illər ərzində qətiyyətli addımlar ataraq, ərazi bütövlüyü ilə bağlı bütün şübhələri aradan qaldırıb. Məhz təsadüfi də deyil ki, hazırda dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi görür və tanıyır. Bununla əlaqədar Prezident İlham Əliyev çıxışlarında bildirib ki, əfsuslar olsun ki, Minsk Qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmayıb: "Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır. Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır".

Bir sözlə, Azərbaycan dövləti xarici siyasətini milli maraqlar üzərində qurub və atılan bütün addımlar ölkəmizin, xalqımızın mənafeyinə xidmət edir. Düşünürük ki, Azərbaycanın diplomatik səyləri nəticəsində ölkəmizə qarşı olan ikili standartlar da aradan qalxacaq və münaqişə ərazi bütövlüyümüz çərçivəsində həll olunacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər