"Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir"
Heydər Əliyev
Vətən sərhəddən başlayır. Bu yolda əsgərindən generalınadək hər bir sərhədçi vətənini canı bahasına qoruyur və sevir. "Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi", - söyləyən dövlət başçımız İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələrində olduğunu vurğulayır.
Suda,quruda və səmada vətənin keşiyini çəkən sərhəd qoşunlarımızın igid əsgərləri ordumuzu yenilməz edir. Hərbi aviasiya, hərbi dəniz hissələri, sərhəd dəstələri, sərhəd qoşunlarının fəaliyyətini təmin edən hərbi hissələr, elmi-tətqiqat hissələrini özündə cəmləşdirən sərhəd qoşunlarımız yarandığı vaxtdan etibarən vətənimizin rifağı uğrunda əzmlə çalışır. Sərhədçilərimiz arasında şəhidlik zirvəsinə ucalan igidlərimiz az deyil. Onlardan bir çoxu milli qəhrəman adını alaraq tariximizə silinməz iz salmışlar.
Sərhəd qoşunlarımızın tarixinə nəzər salsaq, çox çətin dövrlərdən keçdiyinin şahidi olarıq. 1919-cu il avqustun 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanununa əsasən Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir. Lakin 1922-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu və bununla da öz müstəqilliyini itirdi. Bu səbəbdən hərbi hissələrdə xidmət edənlər içərisində azərbaycanlılar demək olar ki, yox dərəcəsində idi. Bu proses yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbər seçilməsindən sonra onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətə dəyişdi. Milli kadrların hazırlanmasında çox böyük işlər görüldü. Azərbaycanın varlığını qorumaq üçün sərhəd qoşunlarını sərhədin mühafizəsində nəzarət edə biləcək hərbi quruma çevirmək lazım idi. Buna qadir olan güclü insan isə Azərbaycanın xilaskarı, uzaqgörən sərkərdəsi Heydər Əliyev idi. O, Naxçıvan Ali Məclisinin Sədri olduqdan düz 3 gün sonra - 1991-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar verdi. Bu qərarla da Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsası qoyuldu. 1992-ci il avqustun 22-də Naxçıvan sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində milli bayrağımız dalğalandı. Həmin il oktyabrın 18-də isə Naxçıvan sərhəd dəstəsində andiçmə mərasimi keçirildi. Ulu Öndər Heydər Əliyev sərhədçiləri təbrik edərək dedi: "Siz müstəqil Azərbaycan sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə and içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim sovet ordusuna, sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an o andan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir. Xalqımız öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan sərhəd qoşunlarının yaradılması prosesi gedir. Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində sərhəd qoşunlarının yaranmasını məhz buradan - Naxçıvandan, Azərbaycanın qədim diyarından başlandığını qeyd edirik...".
Ulu Öndər Heydər Əliyev 2000-ci ildə18 avqust tarixini sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirmişdir. Sərhədlərimizin keşiyində duran bütün sərhədçilər öz peşə bayramlarını böyük qürur hissi ilə qeyd edirlər. Dahi Öndərimizin sayəsində bütün sahələrdə olduğu kimi sərhədin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı adı verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur.
Ümummilli Lider Heydər Əliyev Naxçıvandan başlayan müstəqilliyimizin qurucusudur. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dövlətçiliyimizə, milliyətçiliyimizə bağlı dövlət başçımızdır. Elə bu səbəbdəndir ki, bu gün Azərbaycan güclü dövlətdir və bizim yenilməz ordumuz var. Ordumuzun inkişafında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi sərhəd qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin xidmətləri təqdirəlayiqdir. Elçin Quliyev öz çıxışlarının birində vurğulayıb: "Azərbaycan sərhədlərinin mühafizəsi işində əldə etdiyimiz bütün nailiyyətlər böyük Öndər Heydər Əliyevin adıyla bağlıdır. Biz sərhədçilər bu hissləri daima qəlbimizdə yaşadırıq və bu gün hər bir Azərbaycan sərhədçisi - əsgərindən generalınadək özünü xoşbəxt sanır ki, onların xidmətinə Dahi Lider Heydər Əliyev qiymət vermişdir".
Dövlət Sərhəd Xidmətinin müasir hərbi texnikası düşməni yerlə bir etməyə qadirdir
Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində DSX-nin maddi-texniki bazası güclənir və Azərbaycan sərhəd mühafizəsində istifadə olunan yeni texnologiyaların tətbiqi, sərhəd mühafizəsinin daha da yüksək səviyyədə təşkilinə şərait yaradır. Son illərdə sərhəd mühafizəsində böyük quruculuq işləri həyata keçirilib. Çoxsaylı sərhəd infrastrukturu yaradılıb, texniki imkanlar artıb. Təlimlər zamanı hər zaman yüksək döyüş hazırlığı nümayiş etdirən sərhədçilərimiz bu imkanlardan yararlanırlar. Keçirilən genişmiqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edir.
Ölkə başçımız İlham Əliyev hər zaman sərhədçilərimizə diqqət və qayğı göstərmişdir. Beynəlxalq standartlara cavab verən Sərhədçi İdman Olimpiya Mərkəzinin istifadəyə veriməsi məhz ölkə rəhbərinin sərhədçilərimizə olan diqqətinin nümunəsidir. Bu kompleks müasir şəraiti ilə idmanın inkişafına xidmət göstərir. Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas qüvvələrindən sayılan Hərbi Dəniz Qüvvələri (HDQ) dəniz təhlükəsizliyinə bilavasitə cavabdehlik daşıyır. Sahil mühafizəmizin gəmiləri digər ölkələrin sərhəd mühafizəsi gəmilərindən üstün imkanlara malikdir.
Tarix boyu geniş sərhədlərə sahib olan qədim vətənimiz dəfələrlə yadelli düşmənlərin təcavüzünə məruz qalmışdır. Zəngin sərvətimiz, torpaqlarımızın iqtisadi və coğrafi şəraiti ölkəmizə olan marağın artmasına səbəb olmuşdur. Azərbaycan ərazisinin 20 faizinin işğal olunması bunun bariz nümunəsidir. Cənnət Qarabağımızın erməni terrorçuları tərəfindən işğalı nəticəsində iki milyondan çox məcburi köçkün doğma yurd-yuvalarından didərgin düşmüşdür. Vətənimizin müdafiəsində verdiyimiz minlərlə şəhid bizi qisasa çağırır. Əminliklə deyə bilərik ki, o gün uzaqda deyil! Güclü ordumuz Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hər an hazırdır. Dövlət Sərhəd Xidmətinin müasir hərbi texnikası düşməni yerlə bir etməyə qadirdir. Bu güc hər bir azərbaycanlının qürur yerinə çevrilib.
Mən əminəm ki, istənilən zaman işğal altında olan torpaqlarımızı geri qaytara bilərik. Ölkəmizdə hər il keçirilən hərbi parad düşmənə gözdağıdır. Bu paradda ordumuzun güclü texniki bazaya sahib olduğuna şahid olur, fərəh hissi keçiririk. Fəxrlə deyə bilərik ki, Azərbaycanın yenilməz ordusu, güclü sərhəd qoşunu var!
Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dayanırlar
"Hər şey vətən üçün", - deyən, canını vətən uğrunda fəda etməyə hazır olan, ordumuzda xidmət edən əsgərlərimiz ən böyük vətənpərvərlərdir. Əlbəttə ki, hər bir Azərbaycan gənci öz vətənini, bayrağını sevməli, milliyyətçi və vətənpərvər olmalıdır. Sərhədlərimizin toxunulmazlığının və etibarlı qorunmasının aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dayanırlar.
Onu da deyək ki, DSX tərəfindən ənənəyə çevrilən və yaradılmasının ildönümünə həsr olunan yaradıcılıq müsabiqələri cəmiyyətdə hərbi-vətənpərvərlik ruhunun güclənməsinə zəmin yaradır. Belə müsabiqələrdə gənclər daha çox iştirak edirlər və onlar vətənə və torpağa olan bağlılıqlarını göstərmək imkanı əldə edirlər.
Hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. İstər quruda, istər sahildə, istərsə də, səmada Azərbaycanın təhlükəsizliyini təmin edən, dövlətimizi və millətimizi qoruyan şərəfli əsgərlərimiz, sizinlə fəxr edirik!
Fidan Bağırova,
Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi
Məqalə Dövlət Sərhəd Xidmətinin 95 illik yubileyi ilə bağlı keçirilən müsabiqəyə təqdim etmək üçündür.
Əlaqə nömrəsi: 050- 594- 01- 50
050- 990- 66- 26