PDF Oxu

Siyasət

  • 23

Baş nazir beynəlxalq konfransın nümayəndələrini qəbul edib

Baş nazir beynəlxalq konfransın nümayəndələrini qəbul edib

Baş naziri Artur Rasizadə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq Konfransının nümayəndələrini qəbul edib.Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib.Konfransın nümayəndələri bildiriblər ki, İƏT-in təşəbbüsü və Azərbaycan FHN-in təşkilatçılığı ilə keçirilən konfransın işində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın müvafiq dövlət qurumlarının rəhbərləri, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər iştirak edirlər.Konfransın əsas məqsədi zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində təcrübə mübadiləsi aparmaqdan ibarətdir.Konfransda dinlənilən məruzələrdə xüsusilə qeyd olunub ki, fəlakətlərin idarə edilməsinə əsasən fəlakət halları baş verməmişdən öncəki hazırlıq kimi baxmaq daha səmərəlidir. Bunun üçün müxtəlif təlim və təhsil proqramları, əhali arasında maarifləndirmə işinin aparılması, müvafiq tövsiyələrin verilməsi və digər şərtlər vacibdir. Qəbulda çıxış edən konfransın nümayəndələri fövqəladə hallarda fəlakət riskinin azaldılması siyasəti üzrə müəyyən strategiyanın hazırlanmasında, birgə fəaliyyət platformasının yaradılmasında konfransın mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.Qəbul zamanı ölkədəki ictimai-siyasi, iqtisadi-mədəni durum barədə ətraflı məlumat verən A. Rasizadə Dağlıq Qarabağ münaqişəsinə toxunub. Baş nazir münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri ilə həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha xatırladıb.Qəbulda fövqəladə hallar sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər