PDF Oxu

Siyasət

  • 13

Ulu Öndər Heydər Əliyevin qayıdışı dövlətçiliyin xilası naminə tarixi zərurət idi

Ulu Öndər Heydər Əliyevin qayıdışı dövlətçiliyin xilası naminə tarixi zərurət idi

Yeni Azərbaycan Partiyasının 15 illik yubileyində partiyanın Sədri, Respublika Prezidenti İlham Heydər oğlu Əliyevin çıxışında (22 noyabr 2007) gətirilən faktlar dediklərimizi bir daha təsdiq edir. Cənab İlham Əliyevin nitqini qısa ixtisarla kitaba daxil edirik.

Çıxışda göstərilib:

"On beş il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. O gündən bu günə qədər partiyamız çox uğurlu və şərəfli yol keçmişdir.

Azərbaycanın ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi. Əksinə, Azərbaycanın dövlət müstəqilliyi təhlükə altında idi. Azərbaycan xalqı dövlət müstəqilliyinin bəhrəsini, hadisələrin müsbət istiqamətə doğru dəyişməsini görmürdü. Əksinə, Azərbaycanın o vaxtkı rəhbərliyi (AXC-Müsavat) və onların liderləri Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular.

Heç bir siyasi biliyi, bacarığı, təcrübəsi olmayan insanlar Azərbaycanı xaosa, anarxiyaya sürükləmişdi. Belə bir şəraitdə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiyanı yaradan, onun inkişafında fəal iştirak edən insanların fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. "91-lər"in fəaliyyətini və onların Ulu Öndərə müraciətini çox yüksək qiymətləndirirəm.

1992-ci il noyabrın 21-də Naxçıvanda yığışmış insanlar əsil vətənpərvər insanlar, cəsarətli insanlar idi. Çünki o vaxt Azərbaycanda azad söz boğulurdu, Azərbaycanda senzura tətbiq edilirdi. Başqa fikirdə olan insanlar təqib edilirdi. Onlara qarşı fiziki təzyiqlər göstərilirdi, həbs olunurdular. Sərbəst toplaşmaq azadlığı qadağan edilmişdi. O ağır şəraitdə Naxçıvana gəlmək, Heydər Əliyevlə görüşmək belə, böyük qəhrəmanlıq hesab olunurdu. Ancaq bu insanlar, bu cəsarətli və vətənpərvər insanlar öz hərəkətləri ilə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında öz rolunu oynamışlar və bütövlükdə, Azərbaycanın o bəlalardan qurtarmasında və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynamışlar. Biz bunları unutmamalıyıq. O insanların fəaliyyətini yüksək qiymətləndirməliyik və bu gün bu, belədir.

O vaxt Azərbaycanın taleyi müəmmalı idi. Ölkədə gedən xoşagəlməz proseslər total böhran yaratmışdı - həm siyasi, həm iqtisadi, həm də hərbi böhran. Xalqla iqtidar arasında böyük uçurum yaradılmışdı. Baxmayaraq ki, o vaxtkı iqtidar cəmi bir il hakimiyyətdə idi. Onlar cəmi bir il hakimiyyətdə qala bildilər. Baxmayaraq ki, onların əlində bütün imkanlar var idi. Ancaq antimilli siyasət, Azərbaycanın maraqlarına uyğun olmayan hərəkətlər, bacarıqsız rəhbərlik və əslində, Azərbaycanda müstəqilliyin əməldə yox, sözdə olması, əlbəttə ki, bu iqtidarın ömrünü uzun edə bilməzdi, Azərbaycan xalqı öz iradəsini göstərərək, öz siyasi müdrikliyini göstərərək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevə müraciət etdi, Onu hakimiyyətə dəvət etdi. O vaxt Yeni Azərbaycan Partiyası fəaliyyətə təzə başlamışdı. Amma buna baxmayaraq, qısa müddət ərzində partiya bütün ölkədə çox böyük rəğbət qazana bilmişdi.

Xalq Yeni Azərbaycan Partiyasına və Onun rəhbəri olan Heydər Əliyevə böyük ümidlərlə baxırdı. Xalq inanırdı ki, Azərbaycanı o böhranlı vəziyyətdən yalnız Heydər Əliyevin müdrikliyi, siyasi təcrübəsi, baxışları, cəsarəti çıxara bilər və bu, belə də oldu. 1993-cü ildən bu günə qədər Azərbaycan çox böyük bir yol keçmişdir. Biz, sözün əsil mənasında, müstəqil ölkəyik, müstəqil siyasət aparırıq və öz işlərimizlə həm ölkədə müsbət istiqamətdə gedən proseslərə təsir göstəririk, həm də bölgədə bizim təsir gücümüz artır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrimizdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.

Azərbaycan xalqı hər şeyi görürdü, o vaxt da belə idi, bu gün də belədir. Ulu Öndərin hakimiyyətə gəlməsi, Azərbaycanın rəhbərliyinə gəlməsi, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi proseslərə başçılıq etməsi Azərbaycanın uğurunu təmin edən ən başlıca şərt olmuşdur."

Professor Z.Qaralov yazır: "Heydər Əliyev Azərbaycan xalqına düzgün yol göstərici idi. Həqiqi Öndər idi. Ədalətli rəhbər, aydın təfəkkürlü tarixi şəxsiyyət idi. O, Azərbaycan xalqına inanır, bütün tədbirlərdə ona arxalanırdı. İnsanlar Ona inanır, inam örnəyi kimi qəbul edirdi. Əxlaq saflığının nümunəsi hesab olunurdu. O, insanlıq sərrafı kimi tanınmışdı.

Heydər Əliyev zəngin, dərin xeyirli elmi-nəzəri irs yaratdı. İnsanlığın inkişafına kömək edən zəngin həyat təcrübəsi topladı. Özünü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazdı."

Ulu Öndər Heydər Əliyev hələ 1992-ci il oktyabrın 24-də Naxçıvan şəhərindən yazdığı məqalədə gələcək vəzifələri belə müəyyənləşdirirdi: "Güman edirəm ki, bu yolda əsas vəzifə aşağıdakılardan ibarətdir:

1. Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll olunması.

Artıq beş ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir, ərazimizin bir hissəsini itirmişik, Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşlar. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş və ağır vəziyyətdə yaşayan qaçqınlar var. Respublikaya misli görünməmiş maddi və mənəvi ziyan dəyib. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin hələ də sonu görünmür. Bir il bundan əvvəl olduğu kimi, bu gün də Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi-siyasi strategiyası yoxdur. Belə təsəvvür yaranır ki, Qarabağda və başqa sərhəd zonalarında hərbi əməliyyatlar özbaşına gedir.

2. Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşməsi, xalqın güzəranının gündən-günə ağırlaşması böyük həyəcan doğurur. Respublika iqtisadiyyatının cari ilin doqquz ayındakı vəziyyəti barədə statistik məlumatlar insanı dəhşətə gətirir. Milli gəlirin istehsalı 25 faiz aşağı düşmüşdür. Kənd təsərrüfatında və əsaslı tikintidə vəziyyət daha da ağırdır. Əgər Azərbaycanın iqtisadiyyatının səviyyəsinin son 5-6 il ərzində dayanmadan aşağı düşməsini nəzərə alsaq, o zaman respublikanın necə böyük fəlakətlə üzləşdiyini təsəvvür etmək çətin deyil.

Azərbaycan tükənməz təbii sərvətlərə, zəngin sənaye, aqrar və sosial ehtiyatlarına, lazımi intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan respublikanın müstəqilliyini möhkəmlətmək və insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Aqrar sahədə təkcə bir il ərzində istehsalı yüksəltməklə kənd təsərrüfatı məhsullarını xeyli artırmaq mümkündür. Təəssüf ki, respublikanın belə zəngin daxili imkanlarından lazımi səviyyədə istifadə olunmur.

Belə qənaətə gəlmək olur ki, dövlət və hökumət orqanlarının respublikanı ağır vəziyyətdən çıxarmağa yönəldilən aydın iqtisadi proqramı, strategiyası, əhalinin həyat səviyyəsini günü-gündən yaxşılaşdırmaq üçün konkret tədbirləri yoxdur. Müşahidələr göstərir ki, bu sahədə də bir çox işlər kortəbii aparılır.

3. Bu gün respublikada aparılan kadr siyasəti çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narazılıqlarına səbəb olur. Rəhbər vəzifələrə iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki təcrübəsi nəzərə alınmadan, yalnız Xalq Cəbhəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq Xalq Cəbhəsinə heç zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədəniyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq fəal quruculuğa cəlb edilməlidir.

Azərbaycandan kənarda - Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilərlər.

Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.

4. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.

Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir. Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.

5. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir. Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir. Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Dərin hörmətlə Heydər Əliyev

24 oktyabr 1992-ci il, Naxçıvan şəhəri".

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər