PDF Oxu

Siyasət

  • 32

Levon Ter-Petrosyan Serj Sarkisyanı tənqid atəşinə tutdu

Levon Ter-Petrosyan Serj Sarkisyanı tənqid atəşinə tutdu

"Ermənistan Avrasiya İttifaqına tamhüquqlu üzv kimi yox, "alçaldılmış təbəə" kimi daxil olur"

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan işğalçı ölkənin iyunun 15-dək Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Serj Sarkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edərək onu tənqid atəşinə tutmuşdur: "Sarkisyan ona görə tələsir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır. Çünki Ermənistan ittifaqa tamhüquqlu üzv kimi yox, "alçaldılmış təbəə" kimi daxil olur. Serj Sarkisyan Avrasiya İttifaqına tələsik daxil olmaq və prezident Putinin rəğbətini qazanmaq xətrinə istənilən güzəştə, Rusiyanın təklif etdiyi istənilən sənədi şərtsiz qəbul etməyə, istənilən təhqiri həzm etməyə hazırdır. O, qaz müqaviləsini köləcəsinə susaraq qəbul etdi. Gömrük İttifaqına daxil olmaq üçün bir həftə ərzində lazımi sənədləri qəbul etdi, bu ittifaq çərçivəsində dəfələrlə alçaldı. Nazarbayevin Qarabağla bağlı Astandakı bəyanatı isə son alçalma oldu. Sarkisyan üçün bu bəyanat gözlənilməz oldu və Ermənistanın cavabı çoxdan hazır olsa da, o, Nazarbayevə cavab verə bilmədi. Bu məsələni Lukaşenko da, Nazarbayev də ötən il oktyabrın 25-də Minskdəki sammitdə qaldırmışdılar. İki gün keçəndən sonra uzaqdan-uzağa lovğalıqla "bəyanat xoşagələn və düzgün deyildi" deyəndə daha da alçaldı və gülməli vəziyyətə düşdü. Amma bunu yerində deməyə risk etmədi. Nə qədər ki, ölkəni Serj Sarkisyanın başçılıq etdiyi rejim idarə edir, Ermənistan vaxtaşırı belə təhqirlərə məruz qalacaq".

A.SƏMƏDOVA

Digər xəbərlər