Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 9 iyun- Ümumdünya Akkreditasiya gününə həsr olunan "Akkreditasiya gündəlik həyatda etimadın təminatçısıdır" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk olaraq akkreditasiya ilə bağlı video-çarx nümayiş olunub.Daha sonra çıxış edən komitə sədri Ramiz Həsənov bildirib ki, daxili bazarın təhlükə məhsullardan qorunması üçün akkreditasiyanın rolu mühümdür: "Akkreditasiya həm də ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində də xüsusi rola malikdir. Bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarə olunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən 9 iyun "Ümumdünya Akkreditasiya Günü" kimi qeyd olunması qərarına gəliblər".Komitə sədri onu da əlavə edib ki, ölkədə akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində prezident İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir: "Belə ki, Komitə yanında Dövlət Akkreditasiya Xidməti yarandığı gündən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub".Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin son illər ölkədə keyfiyyət strukturunun inkişafı istiqamətindəki rolu haqqında danışıb. Onun sözlərinə görə, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirildiyini vurğulayan millət vəkili gələcəkdə də istehlakçıların hüquqlarının etibarlı qorunması istiqamətində islahatlar aparılacağını deyib. Sonra komitə sədri Ramiz Həsənovun əmri ilə akkreditasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif edilən Dövlət Akkreditasiya Xidmətinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib. Tədbirin sonunda iştirakçıların sualları dinlənilib və müzakirələr aparılıb.
sia.az