Dünən Gəncə şəhərində yerləşən və möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Park Kompleksin ərazisində iməcilik təşkil olunub. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb. Yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib, ərazidə mövcud olan ağac və tinglərə su verilib. Eyni zamanda irigövdəli ağaclar budanıb və dibləri bellənib. İməcilik zamanı sözügedən ərazi həmçinin məişət tullantılarından da təmizlənib. Xatırladaq ki, iməciliyə səhər saatlarından start verilib və iş bir neçə saat davam edib. Bundan başqa, parkda əkinçilik və meliorativ tədbirlərin yerinə yetirilməsi təmin olunmaqla, əraziyə müxtəlif gül kolları əkilib.
Qeyd edək ki, 2014-cü ilin yanvarında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Gəncəyə səfəri zamanı şəhərin Yeni Gəncə yaşayış massivində yaradılmış Heydər Əliyev Park Kompleksinin açılış mərasimində iştirak edərkən dediyi "Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə Parkı da vardır" sözləri bütün gəncəlilərin böyük sevincinə səbəb olmuşdur. Belə ki, parkın ərazisi 450 hektardır. Heydər Əliyev Park Kompleksində yaradılmış Heydər Əliyev Mərkəzi, Ulu Öndərin möhtəşəm abidəsi, Müasir İncəsənət Muzeyi, Zəfər Tağı, süni göl, amfiteatr və s. şəhər əhalisinin və turistlərin sevimli məkanlarındandır.
RÖVŞƏN