Akif Əlizadə:"Ölkəmizdə ilk dəfədir ki, BGGİ-nin iclası keçirilir və Azərbaycan seysmik ərazidə yerləşdiyindən, respublikamızda belə bir tədbirin keçirilməsi təbiidir"
Dünən AMEA Rəyasət Heyətində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının təşəbbüsü ilə "Yer kürəsinin gələcəyi, fəlakət riski və davamlılıq" mövzusunda iclas öz işinə başlayıb. Tədbirdə Yer Elmləri Bölməsi, AMEA-nın nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsi və BGGİ-yə üzv olan alimlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BGGİ-nin AMEA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev 1919-cu ildə təsis edilmiş bu təşkilata dünyanın təxminən 70 ölkəsinin daxil olduğunu vurğulayıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin 2010-cu il tarixli qərarı ilə akademiya da sözügedən təşkilata üzv olmuşdur.
Tədbirdə beynəlxalq təşkilatın 6 assosasiyasının milli nümayəndələrinin iştirak etdiyini söyləyən İ.Quliyev qeyd edib ki, son zamanlar yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsi böyük əhəmiyyətə malikdir. O, iclasda 2004-2013-cü illərdə Azərbaycan ərazisindəki seysmik proseslərdən, kosmosda baş verən dəyişikliklərin Yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsiri müzakirə ediləcəyini vurğulayıb. Bildirib ki, hazırda Qafqazın seysmik modelləri hazırlanır.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Alimlərin Yer kürəsinin gələcəyinə xüsusi diqqət yetirdiyini xatırladan alim onların fəlakət riski barədə təkliflərinin cəmiyyətə böyük fayda verəcəyinə əminliyini ifadə edib. A.Əlizadə qeyd edib ki, ölkəmizdə ilk dəfədir ki, BGGİ-nin iclası keçirilir və Azərbaycan seysmik ərazidə yerləşdiyindən, respublikamızda belə bir tədbirin keçirilməsi təbiidir. BGGİ-nin prezidenti Harş Qupta, BGGİ-nin baş katibi, professor Əli İsmayılzadə çıxış edərək keçirilən tədbirdə müzakirə olunan mövzuların aktuallığını vurğulayıblar.
Kanadanın Kalqari Universitetinin professoru Maykl Sideris, Keyp Taun Universitetinin professoru İzabel Ansorge, Tokio Universitetinin professoru Kenji Sataken mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Onlar qlobal geodeziya müşahidə sisteminin tətbiqi, okeanda risk göstəricilərinin qiymətləndirilməsi, zəlzələ və sunaminin fəsadlarının aradan qaldırılmasına dair tövsiyələrini səsləndiriblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, Yer kürəsindəki mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Tədbir çərçivəsində Qobustan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və "Atəşgah məbədi" Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyaların təşkili də nəzərdə tutulur. Qeyd edək ki, tədbir iyunun 13-dək davam edəcək.
Nəzakət ƏLƏDDİNQIZI