YAP İsmayıllı rayon təşkilatının İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci və Peşə Tədrisi Mərkəzi ərazi ilk partiya təşkilatlarının 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan YAP İsmayıllı Peşə Tədrisi Mərkəzi ərazi ilk təşkilatının sədri Zaur Muradov qeyd edib ki, 15 iyun müstəqillik tariximizin önəmli hadisələrindən biridir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı zamanın ağır sınağından üzüağ çıxdı. Vətəndaş müharibəsi ilə üz-üzə qalan ölkədə daxili siyasi sabitlik yarandı, cəbhədə atəşkəs elan olundu.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi:"Həmin tarixdən 21 il ötməsinə baxmayaraq, Azərbaycan böyük inkişaf yolu keçib. Hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın varlığı məhz 1993-cü ilin 15 iyunundan başlayır. Biz bu tarixdən məsafəcə uzaqlaşdıqca və müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünür".
Ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən ictimai-siyasi vəziyyətə nəzər salan Ə.Vahabova ölkədə hökm sürən hərc-mərcliyi diqqətə çatdırdı. O, bildirdi ki, ölkənin məhvolma təhlükəsini yaşadığı zamanda Azərbaycanın yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və xalqı bu bəladan xilas etməsi tarixə Qurtuluş Günü olaraq yazıldı:"Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik "yox" dedi. Böyük qayıdış milli istiqlaliyyətimizi və azadlığımızı özümüzə qaytardı. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı oldu".
Rayon təşkilat sədri bildirib ki, dünya siyasətinin tanınmış siması olan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vahid bir şəkildə birləşdirərək, Öz parlaq zəkası sahəsində onun yaradıcısına və qurucusuna çevrilib, dövlətimizin gələcək inkişafının təməlini qoydu:"Müasir dövrümüzdə Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir".
Tədbirdə çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru Rəsul Balayev qeyd edib ki, 1987-ci ildən başlayaraq rəhbər orqanlardan azərbaycanlı ziyalıların çıxarılması ilə ermənilərin əsrlərdən bəri davam edən ərazi xülyaları yenidən cücərməyə başladı və xalqımıza qarşı mənfur planlar həyata keçirildi: "Azərbaycan xalqı heç bir rəhbərə inanmadığına görə ölkədə siyasi vəziyyət çətinləşmişdi. 1993-cü il 15 iyun tarixində yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkə ziyalılarının potensialından lazımı dərəcədə istifadə edərək, ölkəmizdə əmin-amanlıq, daimi sabitlik yaratmağı bacardı, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu inkişaf yolu Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparır".
Tədbirin sonunda 15 İyun Milli Qurtuluş Günü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə hədiyyələr, YAP sıralarına qəbul olunan gənclərə partiya vəsiqələri təqdim olunub.
ZÜMRÜD BAYRAMOVA