İlham Əliyev: "Sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir"
Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də mövcud potensialı ilə seçilir və yer qazanır. Qısa bir dövr ərzində əldə olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşır, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi, mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarır. Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olub. Dövlət başçısı İlham Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.
Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, hələ də bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Artıq Bakıda "İnturist" hotelinin inşasına başlanılıb. Ağ şəhər bulvarında böyük hotel tikilir. Beləliklə, Bakıda beşulduzlu hotellərin sayı durmadan artır. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına səbəb olacaq. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni hotellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir.
Hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Dövlətin bu sahəyə diqqət və qayğısı, qeyd etdiyimiz kimi, paytaxtla yanaşı bölgələrdə də mühüm layihələrin icrasına, ən müasir dünya standartlarına cavab verən turizm obyektlərinin, hotel və istirahət mərkəzlərinin inşasına zəmin yaradır. Bu yaxınlarda "Şamaxı Palace Platinum By Rixos" beşulduzlu hoteli də buna nümunədir. Hotel avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında, maraqlı memarlıq üslubunda inşa edilib.
Əgər Azərbaycan əvvəllər daha çox neftə, qaza görə tanınırdısa, bu gün həm də turizm ölkəsi olaraq tanınır. Ölkəmizdə turizmin inkişafı üçün bütün imkanlar vardır. Gözəl təbiəti, gözəl havası olmaqla yanaşı, ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir:"Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır".
Bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu da ən birincisi ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.
Artıq ölkəmizin turizm sahəsindəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmizin turizm imkanları dünya mətbuatında işıqlandırılır. Televiziya kanallarında nümayiş olunur. Son 10 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Görülən işlər bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində hər zaman olacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI