Tarixdə elə günlər, elə hadisələr var ki, böyük bir xalqın, bir ölkənin taleyini müəyyənləşdirir, yeni bir dövrün, həlledici mərhələnin başlanğıcı, istinad nöqtəsi olur. Bu baxımdan, 15 iyun 1993-cü il xalqımızın milli dövlətçilik salnaməsinin, Azərbaycanın istiqlal tarixinin ən parlaq, ən unudulmaz, illər keçdikcə əhəmiyyəti daha da artan işıqlı bir səhifəsidir. Bizim hər birimizin həyatında öz izi olan bu möhtəşəm hadisənin - Ulu Öndər Heydər Əliyevin yenidən respublikamızın rəhbərliyinə qayıdışını şərtləndirən Qurtuluş hərəkatının böyük zəfərinin 21-ci ildönümünü qeyd edərkən həmin hadisənin təfərrüatlarını dönə-dönə xatırlamalı oluruq. Uca Tanrı bizim taleyimizə bu zəfərin canlı şahidi olmaq səadətini, xalqımızın dahi oğlunun öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün siyasi olimpə şanlı dönüşünün misilsiz nailiyyətlərini görmək xoşbəxtliyini nəsib etmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iki ilə yaxın bir müddətdə xalqımızın üzləşdiyi bəlaları yaşadığı məşəqqətləri göz önünə gətirəndə bugünkü ictimai-siyasi sabitliyin sakit, firavan həyatın hansı çətinliklə əldə edildiyini dərindən dərk edirsən. Dövlət müstəqilliyini qoruyub saxlamağın onu əldə etməkdən qat-qat çətin olduğunu dünya təcrübəsi çoxdan sübut etmişdir. Elə 1993-cü ilin həyəcanlı iyun günləri də Azərbaycanın yeni bərpa edilmiş müstəqil dövlətçiliyi üçün belə bir sınaq, imtahan dövrü idi. Ölkə daxilində siyasi çəkişmələr hakimiyyət çevrilişlərinə gətirib çıxarmış, qısa vaxtda bir neçə dəfə dövlətin idarəçiliyi əldən-ələ keçmiş, qorxaq, səbatsız bir qrupu davakar, avantürist siyasətbazlar dəstəsi əvəzləmiş, milli iqtisadiyyat dağıdılıb məhv edilmiş, əhalinin yaşayış səviyyəsi tam pisləşmiş, xarici düşmənlərimiz yaranmış vəziyyətdən yararlanaraq torpaqlarımızı işğal etmişdilər. Gəncədə başlanmış qiyam, ümumi narazılıq zəminində digər bölgələrdə getdikcə qızışan separatçılıq Azərbaycanı qardaş qırğını, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Müharibə alovları Dağlıq Qarabağın hüdudlarını keçib ölkənin içərilərinə doğru irəliləyir, Ermənistan silahlıları asanlıqla, ciddi bir müqavimətlə rastlaşmadan yeni-yeni ərazilərimizi zəbt edirdilər. O günləri göz önünə gətirəndə indinin özündə də daxili bir həyəcan keçirməmək mümkün deyildir. Bax, belə bir vaxtda xalqımız çox böyük intizarla öz xilaskarının- həyatını millətə, vətənə xidmətə həsr etmiş Dahi Şəxsiyyətin, Ulu Öndərimiz Heydər Əliyevin yolunu gözləyir, müxtəlif vasitələrlə - həm ictimaiyyətin, ziyalıların nümayəndələri, həm media orqanları ilə, bəzən də qruplar şəklində Naxçıvana gedərək Onu Bakıya çağırır, istiqlalımızı qorumaq, dövlətçiliyimizi xilas etmək, insanlarımızı əzab-əziyyətdən qurtarmaq missiyasını öz qüdrətli çiyinlərinə götürməyi xahiş, əksər hallarda isə təkidlə tələb edirdilər. Haqq-ədalət naminə deməliyik ki, o vaxtkı prezident Əbülfəz Elçibəy də başa düşürdü ki, ölkəni və xalqı düşdüyü ağır vəziyyətdən, dözülməz bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər. O da Ulu Öndərimizi respublika rəhbərliyinə, parlamentin sədri olmağa dəvət edirdi... Nəhayət, xalqın təkidli tələbi və mövcud hakimyyətin rəsmi dəvəti ilə 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gələn Heydər Əliyev, ilk növbədə vətəndaş qarşıdurması nəticəsində qardaş qanı tökülmüş Gəncəyə getməyi, vəziyyəti yerində öyrənməyi qərara aldı. Bu, çox böyük cəsarət tələb edən, riskli bir qərar idi: qiyamçılar onun da həyatına qəsd edə bilərdilər.
Sonralar aşkarlanan faktlar belə dəhşətli bir addım atıla biləcəyi ehtimalını təsdiqləmişdir. Ulu Öndərimiz həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi, orada əsil gerçəkləri öz gözü ilə görüb qayıtdıqdan sonra Ali Sovetin Sədri olmağa razılıq verdi. Milli Məclisin 15 iyunda keçirilən tarixi iclasını televiziyada canlı yayımda izləyən ölkə vətəndaşlarından biri kimi mən həmin taleyüklü məqamları yaxşı xatırlayıram. Milli Məclisin o vaxtkı sədr müavini Tamerlan Qarayevin iclasın sədrliyindən imtina edib zalı tərk etməsi, bəzi deputatların qarışıqlıq salmaq niyyətlərini necə büruzə verməsi, Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi barədə müdrik fikirlər söylədiyi dərin məzmunlu çıxışı bir kino lenti kimi gözlər önündə canlanır. Həmin çıxışında bəzilərinin narahatlığına cavab olaraq Heydər Əliyev millətini və dövlətini sevən bir insan kimi dedi ki, "mən heç bir vəzifə tutmaq iddiasında deyiləm, bu dəqiqə burdan çıxıb gedə bilərəm". O, Ali Sovetin sədri olmaq istəmədiyini, yalnız xalqın ağır vəziyyətdən çıxarılması üçün bu vəzifəni tutmağa razı olduğunu bəyan elədi.
"Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən çıxmaq olar", - deyən Ulu Öndərimizin uzaqgörənliyi çox qısa bir vaxtda öz növbəti təsdiqini tapdı. Həmin iclasdakı tarixi çıxışında Heydər Əliyev müdrik bir siyasətçi kimi öz qətiyyətli mövqeyini belə nümayiş etdirdi: "Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparıb ümumdünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini - hamısı birlikdə çox böyük əsas yaradır".
Ali Sovetin Sədri seçildikdən az sonra, iyunun 16-dan 17-nə keçən gecə prezident Əbülfəz Elçibəyin öz yaxınlarının təkidi ilə, ali dövlət rəhbərliyindəki digər şəxslərə məlumat vermədən vəzifəsinin icrasını başlı-başına buraxıb Ordubadın Kələki kəndinə getməsi ölkədə qeyri-müəyyən situasiya yaratdı. Heydər Əliyevə ağır miras qoyub getdilər: müflisləşmiş ölkə, getdikcə dərinləşən inflyasiya, hər yerdə hökm sürən hərc-mərclik, torpaqların işğalı... Vəziyyət çox ağır idi: bir tərəfdən cənubda Əlikram Hümbətovun separatçılıq hərəkətləri, bir tərəfdən Surət Hüseynov, bir tərəfdən parlamentdəki özbaşınalıqlar, zalda siqaret çəkən manqurt deputatlar...
Məsələn, daxili işlər naziri işləmiş İsgəndər Həmidov deyirdi ki, prezident Əbülfəz Elçibəy kimdir ki, mənim sözümə əməl etməsin?!. Bu azğınların öhdəsindən gəlmək çox çətin idi. Bu mühitdə Əbülfəz Elçibəy Heydər Əliyevi meydanda tək qoyub qaçdı. Milli Məclisin iyunun 24-də keçirilən iclasında prezidentin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə keçməsi haqqında tarixi qərar qəbul edildi. Həmin iclasda Ulu Öndərimizə təklif edirdilər ki, birbaşa prezidentliyi öz üzərinə götürsün. Amma Heydər Əliyevin böyük həyat təcrübəsi, siyasi təcrübəsi var idi, O, hər məsələni yalnız qanuni yolla həll etməyin tərəfdarı idi. Öz qətiyyətli mövqeyini bildirdi və dedi ki, referendum keçirilsin, onun nəticələrinə, xalqın iradəsinə əsasən qərar qəbul edilsin. Referendum keçirilməsi barədə Milli Məclisin 29 iyul 1993-cü il tarixli qərarında deyilirdi ki, ölkə prezidentinin bir aydan artıq bir müddətdə Kələki kəndində yaşaması, dövlət idarəetmə orqanlarının rəhbərləri ilə bilavasitə əlaqə saxlaya və prezident vəzifələrini icra edə bilməməsi Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoymuş, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarmış, iqtisadiyyatda və sosial həyatda gərginliyi daha da dərinləşdirmiş, hərbi münaqişə bölgələrində vəziyyəti son dərəcə kəskinləşdirmişdir.
Avqustun 29-da keçirilən ümumxalq səsverməsinin nəticəsi olaraq Əbülfəz Elçibəyin prezidentlik səlahiyyətlərinə tam xitam verildi və yalnız bundan sonra, oktyabırın 3-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi ki, bu seçkidə də Ulu Öndərimiz seçicilərin 98 faiz səsini qazandı. Bu, xalqın öz alternativsiz liderinə tam etimadının bariz nümayişi idi... Müstəqil Azərbaycana rəhbərliyinin ilk dövründə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə, milli dövlətçiliyimizi möhkəmləndirmək, istiqlalımızın dönməzliyini təmin etmək uğrunda mübarizəsinə mane olmaq istəyən daxili və xarici düşmənlərin əməllərini unutmaq mümkündürmü? Bunlardan bir neçəsini xatırlatmaq istərdim: vaxtilə müdafiə naziri işləmiş Şahin Musayev Heydər Əliyevi xarici səfərdən ölkəyə gətirən təyyarəni vurmaq üçün Abşeronun Məhəmmədli kəndində zenit qurğusu qurmuşdu. Tanrı Ulu Öndərimizi bu bəladan hifz etdi: adi külək qalxması nəticəsində təyyarə uçuşun səmtini dəyişdi... Eləcə də Sabunçu körpüsünün partladılmasına cəhd kimi amansız bir planın üstü vaxtında açıldı: körpünün altına o qədər çox partlayıcı maddə qoyulmuşdu ki, partlayış baş versə, dəhşətli dağıntılar olacaqdı, nəinki körpü, hətta Sabunçu qəsəbəsinin özü dağılacaqdı. 1994-cü ilin 4 oktyabrında Surət Hüseynovun başçılığı ilə təşkil edilən dövlət çevrilişi cəhdi təkcə Heydər Əliyev üçün deyil, bütövlükdə xalqımız üçün ciddi bir sınaq oldu.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin milli inkişafımız naminə göstərdiyi misilsiz xidmətləri sadalamaqla bitməz. 1994-cü il may ayının 12-də atəşkəs elan edilməsinə nail oldu: bu, bizə ordu quruculuğu aparmağa imkan yaratdı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Heydər Əliyevin böyük şəxsiyyəti olmasaydı, heç bir dövlət va ya xarici şirkət müharibə şəraitində yaşayan ölkəyə sərmayə qoymazdı. Ölkədəki qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi, əhalidən silahların yığılması uzun müddətdən bəri cəmiyyətdə hökm sürən xofu, qorxunu aradan götürdü. 1996-cı ildə Azərbaycan həqiqi tərəqqi yoluna çıxdı. Heydər Əliyev Azərbaycan prezidenti seçiləndə ölkənin büdcəsi cəmi 300 milyon manat idi, bu, çox açınacaqlı bir göstəricidir. Bu gün dövlətimiz təkcə hərbi xərclərə 4 milyard manata yaxın vəsait ayırır. Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycanın müstəqilliyinin ömrü 1918-ci ildə qurulmuş və cəmi 23 ay yaşamış xalq cümhuriyyətinin ömründən də qısa olacaqdı. Heydər Əliyev hələ Naxçıvana rəhbərlik etdiyi vaxtda Azərbaycanın müstəqillik atributlarının-bayrağının, milli himn və gerbinin qəbul edilməsinə nail olmuşdu. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisində dövlət rəmzi kimi təsdiqlənmişdir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayram dünyada yaşayan 60 milyondan artıq soydaşımızın birliyini, həmrəyliyini təmin edir. Daha Şəxsiyyət Heydər Əliyevin təkidi ilə 1996-cı ildə Lissabon sammitində 52 ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə qərar qəbul etməsi cahanşümul bir hadisə idi.
Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Böyük Qurtuluşun nailiyyətləri göz bəbəyi kimi qorunur və zənginləşdirilir. Bu faktor isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Ümummilli Lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir. Çünki bu ideyaları başda dövlət başçımız İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Milli Qurtuluş Günün mübarək - AZƏRBAYCAN!
ƏHƏD ABIYEV,
Daşkəsən rayon icra hakimiyyətinin başçısı