PDF Oxu

Siyasət

  • 21

Binəqədi rayonunda 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

Binəqədi rayonunda 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

Binəqədi rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib. Tədbirdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Eldar İbrahimov, Madar Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Rayonun Heydər Əliyev adına İstirahət Parkında açıq havada baş tutan bayram tədbiri "Natiq" ritm qrupunun təqdim etdiyi musiqi nömrələri ilə başlayıb. Qonaqların və minlərlə rayon sakininin izlədiyi konsertdə respublikamızın tanınmış incəsənət ustalarının ifasında vətənpərvərliyi tərənnüm edən və şən əhval-ruhiyyəli mahnılar ifa olunub.

Dövlət və cəmiyyət olaraq hər sahədə həyatımıza dönüş və xilas günü kimi daxil olmuş Milli Qurtuluş Gününə həsr olunmuş bayram konsertinə qardaş Türkiyənin "Anadolu atəşi" rəqs qrupunun ifası xüsusi rəng qatıb. Öz ifa tərzi və peşəkarlığı ilə şöhrət qazanmış, həmçinin ifasında Şərq və Qərb mədəniyyəti elementlərini təcəssüm etdirən "Anadolu atəşi"nin bir-birindən gözəl rəqs nümunələrini tamaşaçılar böyük coşqu və atəşli alqışlarla qarşılayıblar.

Vətənpərvər mahnıların ifaçısı əməkdar artist Azərinin ifasında səslənən və üçrəngli, ayulduzlu bayrağımızın dalğalanması ilə müşayiət olunan "Çırpınırdı Qara dəniz" mahnısının sədaları altında bayram konserti atəşfəşanlıqla yekunlaşıb.

Bayram konsertində iştirak edənlər bir daha dərk etdilər ki, bu gözəl ab-havanı, sabitliyi yaradan Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə Böyük Qayıdışı olmasaydı və xalqı düşdüyü acınacaqlı vəziyyətdən xilas etməsəydi, ölkəmiz belə atəşfəşanlıqları, bayram əhvali-ruhiyyəsini yaşamazdı. Xalq bu gün Milli Qurtuluş Gününü işıqlı dövlətimizdə belə bayram konsertləri ilə qeyd edir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər