"Getway" jurnalında məqalə dərc edilib
Malayziyanın nüfuzlu "Getway" jurnalında Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş "Azərbaycanın ürəyi, Nuh peyğəmbərin məskən saldığı müqəddəs diyar - Naxçıvan" sərlövhəli məqalə dərc edilib.SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə ingilis dilində dərc olunan məqalədə qeyd olunub ki, Azərbaycanın ən qədim ərazilərindən olan, "Şərqin qapısı" adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaradıb.Sistemli araşdırmalar, arxeoloji qazıntılar sübut edib ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan 5000 ildən çox yaşı ilə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Naxçıvanın "İpək Yolu" kimi qədim ticarət yollarının qovşağında yerləşməsi bu ərazidə sivilizasiyanın inkişafına təkan verib.Məqalədə vurğulanıb ki, Naxçıvan müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqlənir. "Land of miracle and splendid waters" adlandırılan Naxçıvan Azərbaycanın mineral su ehtiyatlarının 60 faizinə sahibdir. Mineral suların əksəriyyəti müalicə əhəmiyyətlidir.Naxçıvanın digər bir möcüzəli təbii səhiyyə ocağı "Duzdağ" Fizioterapiya Mərkəzidir. Naxçıvanın rəmzlərindən biri sayılan, təbii ehtiyatları 90 milyon ton təşkil edən bu mərkəz saf və təmiz duz istehsalı ilə yanaşı, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, aparılan abadlıq və yenidənqurma işlərindən sonra mərkəzdə vəziyyət daha da yaxşılaşıb. Burada il ərzində 1600-1700 xəstə qəbul edilir.Məqalədə qeyd edilib ki, bəşəriyyətin ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda 1162 tarixi mədəniyyət abidəsi vardır. Məhz bəşər övladının ilk mədəni nümunələrinin qorunduğu və Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya abidəsi, əsrlərə meydan oxuyan yaşı min ildən çox olan Möminə Xatun türbəsi, azərbaycanlıların qəhrəmanlıq simvolu, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim olmamış Əlincə qalası Naxçıvanda yerləşir.Naxçıvan çox əhəmiyyətli dini ziyarətgahlardan birinə ev sahibliyi edir. Müqəddəs Qurani Kərimin "Əl- Kəhf" surəsində bəhs edilən Əshabi-Kəhf (mağara sakinləri) ziyarətgahı da məhz Naxçıvandadır.Mühüm strateji coğrafi mövqeyi ilə seçilən Naxçıvan tarix boyunca hegemon dövlətlərin hücumlarına məruz qalıb. Bu torpaqlara Makedoniyalı İsgəndər, Roma və Bizans imperatorları, ərəb xəlifələri, osmanlı sultanları, rus çarları qoşunlar göndəriblər. Lakin igid azərbaycanlılar ana vətənlərini rəşadətlə qoruyub, onu düşmən tapdağı altında inləməyə qoymayıb. Hətta Sovet İmperiyasının bütün məkrli siyasi addımlarına və fiziki olaraq Azərbaycandan ayrı salınmağına baxmayaraq Naxçıvan diyarını Azərbaycandan qopartmağa heç kim müyəssər olmayıb.Yazıda qeyd edilib ki, 1920-ci il aprelin 28-də Azərbaycana Sovet ordusunun hərbi müdaxiləsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu regionda ümumi vəziyyəti tamamilə dəyişib. Ermənistanın sovetləşməsindən sonra Sovet Rusiyası Naxçıvan torpaqlarının Azərbaycandan ayrılması siyasətini həyata keçirməyə çalışıb. Zəngəzur quberniyasının Sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsindən sonra Naxçıvan Azərbaycandan ayrı düşüb. Buna baxmayaraq, 1921-ci ildə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş referendumda əhalinin 90 faizindən çoxu Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsinə səs verib. Naxçıvanın tarixi taleyi Moskva (1921-ci il) və Qars (1921-ci il) müqavilələri ilə müəyyən edilib. Bu beynəlxlaq müqavilələrlə Naxçıvan Azərbaycanın şəksiz ayrılmaz tərkib hissəsi kimi təsbit edilib. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə 1924-cü il fevralın 9-da Moskva və Qars beynəlxalq müqavilələrinin müddəaları əsasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb.Məqalədə bildirilib ki, dünyada və regionda gedən gərgin tarixi və siyasi proseslər nəticəsində Naxçıvan Muxtar Respublikası XX əsrin sonlarında yenidən dünyanın qaynar nöqtələrindən birinə çevrilib. Sovet İttifaqının son günlərində yaranan siyasi vəziyyətdən istifadə etməyə çalışan ermənilər məkrli planlarını davam etdirərək, Naxçıvanı Azərbaycandan qoparmağa cəht ediblər. Nəticədə Azərbaycan Respublikası bir daha erməni terrorizmi ilə üzləşib. Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından sürgün edilib, Qarabağ və Naxçıvan üzərinə silahlı hücumlar başlanıbMəqalədə vurğulanıb ki, Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etməyə razılıq verən Ümumilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) Azərbaycan tarixinin möhtəşəm səhifələrindəndir. Ulu Öndər Heydər Əliyev Naxçıvanı Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından "Sovet sosialist" sözləri çıxarılıb, kommunist partiyasının yerli orqanlarının işi dayandırılıb. Sovet qoşunları bölgədən çıxarılıb, aqrar islahatlar aparılıb, tarixi ədaləti və müstəqil dövlətçilik prinsiplərini bərqərar edən fərmanlar imzalanıb.Məqalədə qeyd edilib ki, bu gün də Naxçıvan Azərbaycanın idarəçiliyində muxtar respublika kimi mövcudluğunu qoruyur və inkişaf edir. Naxçıvanın inkişafı günbəgün daha da sürətlənir.Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev Naxçıvanın muxtariyyətini belə şərh verib: "Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi".Yazıda, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamına əsasən, bu əlamətdar hadisənin yalnız Azərbaycanda deyil, dünyanın digər ölkələrində də qeyd olunması xüsusilə vurğulanıb.Məqalə aşağıdakı fikirlərlə tamamlanıb: "Naxçıvan Azərbaycanın istər tarixinin, istərsə də mədəniyyətinin ən əhəmiyyətli parçasıdır. Öz əsrarəngizlikləri ilə insanları heyran qoyan Nuh peyğəmbərin möcüzəli məskəni dünyanın mütləq ziyarət olunmalı bölgələrindəndir".
sia.az