YAP Tərtər rayon təşkilatı 15 İyun Milli Qurtuluş Gününü qeyd etdi
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə,təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək 1993-cü il iyunun 15-dən ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. M.Məmmədov bildirib ki, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına şərait yaratdı: "Ulu Öndərin gərgin səyləri sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşamaları, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Çünki məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşdı".
M.Məmmədov onu da vurğulayıb ki, xatirəsini daim əziz tutduğumuz Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gələrək başlıca qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsasını qoydu. Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Rayon icra başçısı Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən də danışıb. Məruzə ətrafında Qarağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev, Hüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Gülüstan Əhmədova, Güləbatlı kənd kitabxanasının müdiri Nurlan Musayev, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova və başqaları Ulu Öndərin adının insanların qəlbində abidə kimi ucaldığını qeyd edərək bildiriblər ki, Azərbaycanın milli dövlətçilik tarixində görkəmli şəxsiyyətlər çox olsa da Heydər Əliyev qədər öz torpağına, millətinə bu qədər ürəkdən bağlı olan, bütün ömrünü Vətəninə, xalqına həsr edən ikinci bir dövlət xadimi olmamışdır.
Sonda rayonun Heydər Əliyev Parkında Tərtər və Yevlax mədəniyyət evlərinin musiqi kollektivlərinin üzvləri tədbirdə iştirak edən rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri qarşısında konsert proqramı ilə çıxış etdilər.
ÜLVİ