PDF Oxu

Siyasət

  • 23

Milli Qurtuluş Günü ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə bayram payları təqdim olunub

Milli Qurtuluş Günü ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə bayram payları təqdim olunub

Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş Günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunur, bayramla əlaqədar rayonun idarə və təşkilatlarında müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar keçirilir. Əlamətdar günə həsr olunmuş tədbirlər çərçivəsində növbəti tədbir rayonun Bayıl yaşayış sahəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara və digər ictimai təşkilatların, bayram ərəfəsində ərazidə böyük abadlıq işlərinin aparılmasında iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı və Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilibdir.

Səbail rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Y.Allahverdiyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib. Vurğulayıb ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Tədbirdə çıxış edən Səbail rayon veteran təşkilatları şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Qarabağ əlilləri, Şəhid Ailələri və Veteranları Cəmiyyəti Səbail rayon şöbəsinin sədri Bəyverdi Novruzov və başqaları bayram münasibətilə göstərilən yardımlara görə ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Milli Qurtuluşla bağlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələrə - şəhid, əlil və s. aztəminatlı ailələrin üzvləri, rayon təsərrüfat xidməti işçiləri ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları paylanılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər