PDF Oxu

Siyasət

  • 23

İlham Əliyev: “Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır”

İlham Əliyev: “Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanda dövlət səfərində olub

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi. Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Yunanıstanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Karolos Papulyasa təqdim edildi. Iyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulandı. Prezident İlham Əliyevin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti bildirildi. Söhbət zamanı ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi bir daha ölkəsində salamladı və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirdi: Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi çox yüksəkdir. Hesab edirəm ki, gələcək üçün hər bir sahədə çox yaxşı perspektivlər vardır. Mən bu sahələr arasında enerji sahəsini xüsusi qeyd etmək istəyirəm.

Prezident İlham Əliyev qeyd edib ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir:

Çox sağ olun, cənab Prezident. Dəvətə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Sizin ölkənizdə olmağımdan çox məmnunam.

Biz Sizinlə indi təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha əmin olduq ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mərasimdə iştirak ediblər.

"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzaladılar.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzaladılar. "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzaladılar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış ediblər.

Yunanıstan Prezidenti Karolos Papulyas öz bəyanatında qeyd edib ki, ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir:

"Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur. Mən burada xüsusən də universitetdə müasir yunan dili və sivilizasiyası mərkəzinin açılmasını nəzərdə tuturam. Həmçinin Bakı Slavyan Universitetində yunan dili tədris olunur." Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirən Yunanıstan dövlətinin başçısı deyib:

"Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu." Prezident Karolos Papulyas Kipr məsələsi ilə bağlı aparılan danışıqların mühüm mərhələyə daxil olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə, öz bəyanatında diqqətə çatdırıb ki, bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir: "Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcəkdir. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə vermişdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq etmişdir. Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən "Şahdəniz", TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir. Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir."

Digər xəbərlər