Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Bakıdan Avropaya yola çıxan və 10 000 kilometr məsafəni motosikillə qət edən "Harley Davidson"un Bakı klubunun üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev və media nümayəndələri iştirak edib.YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, bu, həm sizin, həm də bizim həyatımızda əlamətdar günlərdən biridir: "Bu aksiya təbii ki, Ümummilli Iider Heydər Əliyevin tarixi xidmətlərə Azərbaycan xalqının həyatında oynadığı rola verilən qiymətdir. Bu bir professionallıq şücaətidir. Əlbəttə, siz yola çıxarkən çətinliklərin olacağını da bilirdiniz. Sevindirici haldır ki, bunun öhdəsindən layiqincə gəldiniz. Güman edirəm ki, sizin bu addımlarınız bizim gənclərimizə nümunə olacaq".Motoyürüşün təşəbbüskarı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bu aksiyanın məqsədinin Azərbaycanı Avropada tanıtdırmaq olduğunu dedi. Onun sözlərinə görə, bu motoyürüş həm də bir sınaq idi: "Atəşkəs şəraitində belə bir ifadə var ki, ordu müharibəsiz zəifləyir. Biz indi atəşkəs şəraitində yaşamağımıza baxmayaraq bu yolu qət etməklə bir də özümüzü Azərbaycan vətəndaşları kimi yoxladıq və belə qənaətə gəldik ki, Azərbaycan kişiləri güclüdür, hər an qələbəyə hazırdır. Ali Baş Komandanın verdiyi bütün əmrləri yerinə yetirə bilərik".Qeyd edək ki, "Azərbaycanı Avropada tanıdaq!" şüarı ilə səfərə çıxan Azərbaycan baykerləri 10 000 kilometr yol qət ediblər ki, buna görə "Harley Davidson"un xüsusi mükafatına və hədiyyələrə layiq görülüblər. Nümayəndə heyətinin rəhbəri Vahid Mustafayevin sözlərinə görə, məqsədləri Azərbaycanı Avropada tanıtdırmaq olan baykerlərimiz Xorvatiyada "Harley Davidson" Bakı klubunun beynəlxalq Harley sahibləri assosiasiyasina üzv qəbul edilməsinə nail olublar. Bundan sonra onlar Azərbaycan bayrağı altında Xorvatiyada keçirilən festivalda iştirak ediblər.
Xatırladaq ki, motoyürüş "Harley Davidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilib.
sia.az