Ağcabədi şəhərindəki Heydər Əliyev meydanında dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayonda çalışan dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin meydandakı abidəsini ziyarət edərək önünə gül-çiçək düzmüş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılmış uğurlardan danışmışlar. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan natiqlər bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmış, Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə qazanılan uğurlardan bəhs etmişlər.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir.
AzərTAc