Bu gün Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycanın hərbi tədris müəssisələrinin məzunlarının buraxılışı keçirilir. SİA-nın məlumatına görə, məzun buraxılışında hər il olduğu kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin və Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları iştirak ediblər.Əvvəlcə mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, bu ilin mart ayında Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10 ili tamam olur: "Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev demişkən Ulu Öndərin bütün fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət idi. Hərbi büdcəmiz ildən-ilə artır. Mən bu təntənəli buraxılış mərasimində fəaliyyət göstərən şəxsləri, o cümlədən məzunların valideyinlərini ürəkdən təbrik edirəm və vətənə layiqli övlad olmasını arzu edirəm.Düşmən hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz. Prezident İlham Əliyevin Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradılmayacaq sözləri bizim devizimizdir: "Hər gün cəbhə xəttində atəş səsləri eşidilir. Ancaq Silahlı Qüvvələrimizin bölmələri bunları aşkarlayır və qarşısını alır. Əziz valideyinlər bu gün arzularınız çin olub. Qoy övladlarınız xoşbəxt olsun. Bu gün Azərbaycanda ordu quruculuğu inkişaf edir və bu proses bundan sonra da davamlı olacaq".Bundan sonra məzunların valideynlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi buraxılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən təhsildə fərqlənən məzunlara diplomlar təqdim olunub. Eləcə də məzunlar tərəfindən yaş kötüklərə simvollar vurulub.Mərasimə məzunların təntəntəli keçidi ilə yekun vurulub.
sia.az