"Bu gün İsa Qəmbər və digər partiya rəhbərləri 20 ildən artıqdır ki, partiya sədrləridir. Lakin bunların yeni bir addım atacağı absurd görünür". Bunu SİA-ya Milli Azadlıq Hərəkatının öncüllərindən biri Məmməd Əlizadə İsa Qəmbərin "Milli strateji düşüncə mərkəzi" bloku yaratmasına münasibət bildirərkən deyib.Məmməd Əlizadə bildirib ki, bu gün artıq primitiv düşüncələrdən uzaqlaşmaq lazımdır: "Təbii ki, bunun üçün də partiya sədrləri gənclərə yer verməlidir. Axı nə qədər insanları aldatmaq olar? Bu, məsələnin görünən tərəfidir. Bəs görünməyən tərəfi nədir? Milli Azadlıq Hərəkatından - Məmməd Əlizadə, Etibar Məmmədov, İsa Qəmbərov və digərləri bir-birimizi çox gözəl tanıyırıq. Mən hər zaman demişəm ki, bu düşüncələr çərçivəsində olan insanlar bir-birlərini qəbul etməyəcək və birlik-bərabərlik içərisində fəaliyyət göstərə bilməzlər.Ümumiyyətlə, hər kəsin atdığı addımda hansı mövqedə olmasından asılı olmayaraq, özündə məsuliyyət hissi olmalıdır. Məsələn, ailədə valideynin övlad üzərində, liderin cəmiyyət üzərində məsuliyyətini buna nümunə olaraq göstərə bilərik. Təbii ki, biz hər zaman bu düşüncələri ortalığa qoyuruq ki, hansı təşkilat olursa-olsun onun arxasında elmi zəka, yaradıcılıq düşüncələri dayanırsa, o daha möhtəşəm və milli dövlət maraqlarına xidmət etmiş olar. Amma bu ədalətli cəmiyyət quruculuğunda öz effektini o zaman verir ki, orada elmə söykənən düşüncələr yığılır və vətəndaş mövqeyində olan ziyalılar ətrafa toplanır. Digər tərəfdən burada itirilmiş mövqe var. Bəs gəlin görək bu mövqeni bərpa etmək üçün nə etmək lazımdır? Təbii ki, burada hansısa siyasi gedişlər etmək lazımdır. Amma belə siyasilərin bu zəka ətrafında toplanması yanlış düşüncədir. Milli-mənəvi əxlaqi dəyərlər tamam başqa şeydir. Hesab edirəm ki, burada bir qədər ehtiyyatlı olmaq lazımdır".
sia.az