İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir"
Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Ölkə Prezidenti çıxışlarında dövlət proqramlarının qəbul olunmasının səbəblərini açıqlayarkən bildirmişdir ki, bu proqramlar artıq 9 ildir ki, uğurla icra edilir: "Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi".
Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 9 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Yəni regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, müasir islahatlar, innovativ iqtisadiyyata keçid, yaradıcı quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsidir.
Regionların inkişaf proqramlarının icrası iqtisadiyyatın 3,2 dəfə artmasına səbəb olub
Ötən 10 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə dövlət proqramları mühüm rol oynayıb. İcrası başa çatmış iki Dövlət Proqramı çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Məlum olduğu kimi regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu bövrdə (2004-2014-cü illər ərzində) ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Minimum əmək haqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb.
Üçüncü Dövlət Proqramı bölgələrin inkişafında yeni mərhələ açacaq
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət qarşıdakı 5 ildə möhkəm siyasi stabilliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm vacib faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaqdır. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcək. Makroiqtisadi siyasətin digər başlıca istiqamətləri orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi və ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsindən ibarətdir.
Göründüyü kimi, bütün bu həyata keçirilən dövlət proqramlarının uğuru nəticəsində bölgələrin siması dəyişir, regionlardan paytaxta miqrasiyanın qarşısı alınır. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair Sərəncam imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu məqsədə xidmət edir. Çünki bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyinin möhkəmliyi ilə bağlıdır. "İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır" deyən dövlət başçısı qeyd edir ki. iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gündəlik həyatda öz əksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur.
RƏFİQƏ KAMALQIZI