Almaniyada Azərbaycanın, onun yüksək turizm potensialının tanıdılması məqsədilə bu ölkənin Ksanten şəhərində növbəti viktorina keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, viktorinanın təşkilinə Almaniyadakı Azərbaycan Səfirliyi və Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Mədəniyyət Evi böyük dəstək göstərib.
Xatırladaq ki, artıq 6 ildən çoxdur Almaniyada milli bayramlar zamanı təşkil edilən bu viktorinalar almanlar tərəfindən böyük maraqla qarşılanır. Ksanten bələdiyyəsinin təşkil etdiyi bayram tədbirlərində viktorinanın keçirilməsi üçün şərait yaradılır. Builki viktorinada 200 nəfərdən artıq alman iştirak edib.
Yarışın şərtlərinə görə viktorinaya qatılan almanlar Azərbaycan haqqında verilən sualları cavablandırmalıdır. Sonda yarışın qalibi olan 2 və ya daha çox iştirakçı Azərbaycana 20 günlük səyahət etmək imkanı qazanır. Bu günədək 14 alman Azərbaycana səyahət edərək ölkəmiz, onun mədəniyyəti, tarixi, turizm potensialı ilə yaxından tanış olublar.
Azərbaycana səfər etmiş qaliblər geri döndükdən sonra ölkəmiz haqqında təəssüratlarını bölüşür və beləliklə də Azərbaycanın təbliğatı aparılır. Müşahidələrə görə viktorina qaliblərinin əksəriyyəti növbəti illərdə də Azərbaycana səfər edir.
NƏZAKƏT