PDF Oxu

Siyasət

  • 31

Dövlət qulluqçularının cəmiyyətdə rolu

Dövlət qulluqçularının cəmiyyətdə rolu

Azərbaycanda Dövlət Qulluğu sahəsində vahid dövlət siyasəti formalaşıb

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını altıncı dəfədir ki, qeyd edirlər.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən "Dövlət qulluğu haqqında" Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Respublikamız müasir dünyada qəbul edilmiş dövlət - idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət-idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Azərbaycanda çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, komissiya tərəfindən dövlət qulluqçularının V-VII təsnifatına aid olan qulluqçuların reyestri aparılır. 65 yaşına çatan dövlət qulluqçuları ilə bağlı vəziyyətə də aydınlıq gətirən komissiya sədri qeyd edib ki, onlarla bağlı 2 il öncə tədqiqat aparılıb: "O zaman bizdə 300-ə yaxın dövlət qulluqçusu vardı. Həmin şəxslərlə qanunvericiliyə uyğun olaraq iş aparılıb. Dövlət qulluqçusunun 65 yaşa çatması onun dövlət qulluğuna xitam verilməsi deməkdir. Amma dövlət orqanı rəhbərinin hüququ var ki, çox dəyərli bir kadr, mütəxəssislərlə əlavə 1 illik əmək müqaviləsi bağlasın. Sonra həmin müqaviləni 1 il də uzada bilər. Bu proses də hazırda dövlət orqanlarının əksəriyyətində tətbiq edilir".

B.Xəlilov gənclərin dövlət qulluğuna marağının ildən-ilə artdığını qeyd edib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olan şəxslərin 80%-ni məhz gənclər təşkil edir: "Bu gün ölkədə dövlət qulluğu sahəsi üzrə ən çox ehtiyac informasiya texnologiyaları ixtisasları, hüquqşünas və iqtisadçılaradır". Beləliklə də, respublikamızda müasir dünyada qəbul olunmuş dövlət-idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Bu islahatların məqsədi çevik dövlət-idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

Ü.ƏSGƏROV

Digər xəbərlər