Lənkəranda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Lənkəran rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə icra başçısı Taleh Qaraşov açaraq dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Azərbaycanda gedən dövlət quruculuğu proseslərində dövlət qulluqçularının mühüm rol oynadığını diqqətə çatdıran T.Qaraşov ölkəmizdə əldə olunan uğurlarda rayonun dövləti qulluqçularının xüsusi fəallıq göstərdiklərini və ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasından ötrü var-qüvvələri ilə çalışdıqlarını söyləyib: "1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyi sistemində də dövlət qulluğu məsələlərinin tənzimlənməsi proseslərinə, ən əsası dövlət və icra intizamının bərqərar olunmasına başlanılmış, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik və işgüzar idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə geniş və hərtərəfli iş aparılmışdır. Ulu Öndərimizin təşəbbüsü ilə tərtib olunmuş və ümumxalq referendumu yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə həyata keçirilmiş islahatların əsas hüquqi bazası olmuşdur. Bununla əlaqədar olaraq Ümummilli Liderimizin 29 dekabr 1998-ci il tarixli Fərmanı ilə ölkənin idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradılmış, 21 iyul 2000-ci il tarixdə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu Qanunun tətbiqinə başlanılması ilə ölkəmizdə dövlət-idarəetmə sistemində yeni dövrün əsası qoyulmuş və dövlət idarəçiliyini həyata keçirən dövlət qulluqçularının statusu, onların hüquq və vəzifələri konkret olaraq müəyyənləşmişdir".
T.Qaraşov qeyd edib ki, ötən dövr ərzində çalışdığı sahədə fərqlənmiş yüzlərlə dövlət qulluqçusu mükafatlandırılmış, fəxri adlarla təltif olunmuşdur: "Onların arasında Lənkəran rayonun nümayəndələrinin olması qürurverici haldır. Bütün bunlar Cənab Prezident İlham Əliyevin biz dövlət qulluqçularına göstərdiyi diqqət və qayğının parlaq nümayişidir. Biz bu qayğıya Ümummilli Liderimizin siyasi kursuna və möhtərəm dövlət başçımızın ardıcıl səyləri ilə gündən-günə qüdrətlənən dövlətimizə dönməz sədaqətimizlə, yüksək siyasi sayıqlığımızla, əməksevərliyimizlə, şüurlu intizamımızla və nümunəvi əxlaqımızla cavab verməliyik".
Lənkəran ŞİH başçısı aparatında ərazi-idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş məruzəsi dinlənildi. Sonda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna Lənkəran ŞİH-in fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
R.HÜSEYNOVA