PDF Oxu

Siyasət

  • 24

İsmayıllı rayonunda qadınlarla görüş keçirilib

İsmayıllı rayonunda qadınlarla görüş keçirilib

YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası rayonun Ərəstun Mahmudov və Nizami küçələrində yerləşən ictimai binalarda yaşayan evdar qadınlarla görüş keçirib.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova respublikamızda genişmiqyaslı quruculuq- abadlıq, yeniləşmə, müasirləşmə sahəsində görülən işlər, ölkə vətəndaşlarının sosialyönümlü problemlərinin həlli istiqamətində həyata keçirilən çoxşaxəli layihələr ətrafında məlumat verib. O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan müasir və modern dövlət modeli bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:"Prezident İlham Əliyevin rəhbərliyi ilə son on ildə Azərbaycan sürətli, dinamik sosial-iqtisadi, siyasi və mədəni inkişafında möhtəşəm nailiyyətlərə nail olub. Ölkəmiz öz inkişaf tempinə görə dünyanın aparıcı ölkələri sırasındadır".

Ə.Vahabova bildirib ki, respublikamızda dövlət-qadın siyasəti də uğurla, məqsədyönlü şəkildə davam etdirilir. Ailə, qadın və uşaq problemləri ilə bağlı dövlət siyasətinin prinsipləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Bu siyasi xətt möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:"Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan qadını bu gün cəmiyyətin aparıcı qüvvəsidir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, parlamentdə qadın deputatların sayının artması, icra orqanlarında, bələdiyyələrdə və qeyri-hökümət təşkilatlarında onların təmsilçiliyinin yüksəlməsi dövlət-qadın siyasətinin məntiqidir. Bu gün İsmayıllıda qadınların sosial, siyasi, ictimai vəziyyəti diqqətdə saxlanılır, qadın və uşaqların sosial müdafiəsi, onların həllində əmələ gələn problemlərin aradan qaldırılması, qadın hüquqlarının pozulması hallarına yol verməmək istiqamətində nailiyyətlər əldə olunub. Fəal, müasir biliklərə yiyələnən, peşəkar, bacarıqlı və işgüzar gənc qadınların irəli çəkilməsinə diqqət artır, sosial həyatın idarə olunmasında onlara daha çox istinad edilir".

Görüşdə çıxış edən YAP İsmayıllı rayon qadınlar şurasının sədri Xuraman Qurbanova Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının daha da yüksəlməsinin dayandığını bildirib. O, qeyd edib ki, ölkəmizdə yaşanan sabitlik və əmin-amanlıq insanların firavan yaşamasına səbəb olub. Natiq Azərbaycanda evdar qadınların da həyat və məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli, hüquqlarının qorunması istiqamətində məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıb. Son illərdə İsmayıllıda tikilib istifadəyə verilən bir sıra yeni müəssisələrdə qadınların işlə təmini məsələlərinə daha böyük önəm verilir.

Tədbirdə çıxış edən Elmira Əhmədova, Mədaxil İsmayılova, Mətanət Hüseynova, Rəfiqə Allahverdiyeva və başqaları Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyinin möhkəmləndiyini qeyd ediblər. Natiqlər Azərbaycanın bu uğurlarına, firavan həyata görə, Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, ölkəmizin inkişafı, daha da tərəqqisi və güclənməsi naminə yorulmaz fəaliyyətində Ona uğurlar arzulayıblar.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər