Azərbaycan dənizçiləri "Dənizçi günü" peşə bayramını təntənəli şəkildə qeyd edirlər.
AzərTAc xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kollektivləri iyunun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmişlər.
Bayram tədbiri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin mədəniyyət evində davam etdirilmişdir.
AzərTAc