PDF Oxu

Siyasət

  • 12

Azərbaycan ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmişdir

Azərbaycan ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmişdir

Ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Türkiyə Respublikasının müdafiə naziri İsmət Yılmaz, qardaş ölkənin Dəniz Qüvvələri Komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Türkiyənin Jandarm Qüvvələri Komandanı, ordu generalı Sərvət Yörük başda olmaqla ümumilikdə qardaş ölkənin silahlı qüvvələrinin 19 generalı, Türkiyə Böyük Millət Məclisinin üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan kursantlarımız, diaspor fəalları iştirak etmişlər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlamışdır.

Mərasimdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik İlyas İbrahimov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmışdır.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Silahlı Qüvvələr modernləşdirilmiş və bölgənin ən güclü ordusuna çevrilmişdir.

Natiq qonaqlara Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz barədə də ətraflı məlumat vermişdir.

Sonda qonaqlar Azərbaycan musiqiləri sədası altında zəngin mətbəximizin təamlarından dadmışlar.

AzərTAc

Digər xəbərlər