"Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqı fəxarət hissi keçirirdi. Lakin bir sıra istisnalar var idi ki, bura da bəzi siyasi qüvvələr aiddir. Onlar da erməni lobbisinə xidmət edən müəyyən Avropa deputatları, ermənilər, yaxud da ermənidən daha çox Azərbaycana ziyan verən, adını azərbaycanlı qoyub, lakin ölkəmizin əleyhinə işləyən bəzi ünsürlərdir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.O bildirib ki, Prezident çıxışı zamanı ölkədə, eləcə də dünyada gedən proseslərlə bağlı dəyərli fikirlər səsləndirdi: "Burada Avropa deputatlarının ölkə başçısına verdikləri suallar bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolu barədə, regiondakı münaqişələrin həlli yolları barədə deyil, ölkəmiz haqqında yanlış informasiyaları erməni deputatının qarşısına qoyan Leyla Yunus və onun kimi bu cür ünsürlər haqqında idi. Axı niyə 1 milyondan çox qaçqınlar haqqında və ya 20 faizdən çox torpaqlarımızın işğalı barədə suallar vermirdilər? Təbii ki, bu tip sualların verilməsi, bir daha orada olan insanların simasını ortaya qoydu. Müxtəlif adlar altında sığınacaq almış, araşdırmalara görə bəziləri hətta erməni olduğuna görə sığınacaq alan və özünü indi azərbaycanlı adlandıran insanlar burada erməni olduğuna görə sıxışdırıldığından orada sığınacaq aldılar. Təbii ki, onlara prezidentin çıxışı sərf etmirdi. Bunun nəticəsi olaraq da Azərbaycanın haqq işinə, ölkədə gedən proseslərə kölgə salmaq üçün müəyyən erməni lobbisinə işləyən avropalı deputatlara qoşulub nəsə etməkdən ötrü bu addımları atdılar. Ancaq onların təxribatları baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Prezidentin qeyd etdiyi kimi, çalışacağıq ki, sədrliyimiz müddətində Avropada ikili standartların qarşısı alınsın".
sia.az