Namiq Əhmədov: "Prezidentimizin bəyan etdiyi kimi, bizim dövlətə, bizim ölkəyə qarşı kimsə diktə dili ilə danışa bilməz"
"Artıq bildiyimiz kimi, prezident seçkilərindən sonra bələdiyyə seçkiləri keçiriləcəkdir. Biz prezident seçkilərini çox uğurla həyata keçirdik. Partiyamızın namizədi, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev xalqımızın böyük dəstəyi ilə yenidən ölkə rəhbəri postuna seçildi. Bu uğurda da təbii ki, Yeni Azərbaycan Partiyasının çox böyük və deyərdim ki, möhtəşəm rolu, apardığı təbliğatı olub".
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şura üzvü Namiq Əhmədov rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı münasibətini bildirərkən deyib. Namiq Əhmədovun fikrincə, bu qələbənin əsas mahiyyəti isə məhz Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti və yorulmadan xalqın rifahı naminə çalışmasıdır: "Ancaq xüsusilə vurğulamaq istərdim ki, burada, bu qələbədə ilk növbədə Prezident İlham Əliyevin gördüyü mütərəqqi, nəhəng işlər, Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi faktoru dayanıb. Azərbaycanın istər beynəlxalq aləmdə, istərsə də regionda qüdrətli dövlətə çevrilməsində dövlət başçımızın müdrik siyasi addımları dayanıb. Ona görə də hesab edirəm ki, bu gün YAP-ın bütün seçkilərdə qazandığı qələbələrin əsas köklü səbəbi məhz möhtərəm İlham Əliyev Cənablarının yürütdüyü güclü, xalqın dəstəklədiyi siyasət amilidir".
Seçkilərin böyüyü, ya da kiçiyinin olmadığını deyən YAP Xəzər rayon təşkilatının sədri bildirib ki, əslində, bu seçkilərdə öz əhəmiyyəti ilə digərlərindən seçilmir: "Bələdiyyə seçkilərinə gəlincə, demək istərdim ki, əslində, seçkilərin böyüyü, yaxud da kiçiyi olmur. Hətta qeyd etmək yerinə düşərdi ki, bələdiyyə seçkiləri də öz çətinliyi və digər məqamları ilə digər seçkilərdən fərqlənmir. Bilirsiniz ki, Xəzər rayonu öz ərazisinə görə böyük inzibati vahiddir. Ərzimizdə doqquz qəsəbə mövcuddur və hər qəsəbədə aşağısı 12, 15, 19 nəfərdən ibarət olan bələdiyyə üzvlərimiz fəaliyyət göstərir. Bu baxımdan, bizdə namizədlərin sayı çoxluq təşkil edir. Ona görə də təbliğat işlərini ümumi aparmırıq. Biz qəsəbə-qəsəbə, məhələ-məhəllə öz üzvlərimizin seçkiöncəsi təbliğatlarını aparmaqdayıq.
Bu ərəfələrdə YAP bələdiyyə seçkilərinə hazırlıqla bağlı özünün böyük müşavirəsini keçirəcək, əlbəttə ki, rayon təşkilat sədrləri də orada iştirak edəcəklər. Onu da xatırladım ki, bu yaxınlarda bələdiyyələrlə bağlı böyük konfrans keçirildi və orada bələdiyyələrin daha geniş, daha uğurlu fəaliyyəti üçün müəyyən müzakirələr oldu, qərarlar qəbul edildi.
Digər tərəfdən, bələdiyyə həm də ona görə əhəmiyyətli amildir ki, bu struktur sırf olaraq xalqın problemlərini, yəni sosial həyatlarını nəzərdə saxlayır, problemlərin həllində öz töhfəsini verir. Ona görə də çalışırıq ki, bələdiyyələrə seçilən insanlar sırf xalqa xidmət edən, insanları dinləməyi bacaran tərəflər olsunlar, bələdiyyə üzvlərinə qarşı vətəndaşlarda rəğbət hissləri oyansın. Daha dəqiq desək, bu gün dövlətin yürütdüyü siyasəti yerlərdə dəstəkləsinlər. Biz buna nail olmuşuq və ötən seçkilərdə bələdiyyələrə seçilən namizədlərimiz öz fəaliyyətləri ilə bütün bunları əldə edib".
"Bu gün demokratikləşmə prosesi çox geniş vüsət alıb"-deyə qeyd edən Namiq Əhmədov bildirib ki, insanların tələbatı da təbii ki, artır: "Artıq Azərbaycan inkişaf etmiş ölkələrlə bir sırada addımlamağa başlayır. Yəni inkişaf olduqca, insanların da tələbatı artır. Dövlət xalqının rifahı üçün mütərəqqi addımlarını atır. Ancaq bələdiyyələr də, bayaq da qeyd etdiyim kimi, yerlərdə bu işdə daim dövlətin yürütdüyü siyasəti davam etdirməlidir. İnkişaf prosesi yalnız insanların həyat səviyyələri ilə deyil, həm də infrastrukturların inkişafı, yenilənməsi ilə getməlidir. Yollar tez-tez asfaltlanmalı, qaz, işıq, su xətləri daim nəzarətdə olmalı, küçələr, parklar, xiyabanlar insanların mədəni istirahətləri üçün daim səliqəli saxlanmalı və s. bu kimi məsələlər məhz bələdiyyərlərin də nəzarətində olmalıdır. Bütün bunları nəzərə alaraq biz çox ciddi seçmilər edirik, xalqın istədiyi adamları çox həssaslıqla seçib namizəd kimi irəli sürürük. Biz istəyirik ki, partiyamızın irəli sürdüyü namizədləri xalqımız qəbul eləsin, onları dəstəkləsin. Bu seçkilərlə, on beş il öncəki seçkilər arasında çox nəhəng fərqlər var. Biz demokratiyaya birdən-birə nail olmadıq. Məhz bu illər ərzində demokratiyanı inkişaf etdirərək, xalqın etimadını doğrultduq. Ona görə də xalq bizə inanır, etibar edir. Təbii ki, biz təsadüfi insanlara bu kimi əhəmiyyətli vəzifələri verə bilmərik. Seçdiyimiz insanların hər birində potensial güc, işləmək həvəsi var. Bu gün YAP Xəzər rayon təşkilatı bu istiqamətdə öz işlərini çox uğurla davam etdirməkdədir. Əlbəttə ki, YAP Xəzər rayon təşkilatı yerlərdə fəaliyyət göstərən ağsaqqallar şurası, qadınlar şurası və gənclərlə də sıx təmaslarda oluruq, əhali arasında sorğu keçiririk, müəyyən məsləhətləşmələrimizi apararaq hər addımımızı yüz ölçüb, bir biçirik. Artıq biz siyahılarımızı tamamlamaq üzrəyik və tam hazırladıqdan sonra YAP-ın Mərkəzi Qərargahına apararaq, təqdim edəcəyik".
Partiyanın Siyasi Şurasının üzvü müxalifətin zəiflik məqamlarına da toxunaraq bildirik ki, bu gün müxalifət düşərgəsi öz aszaylı elektoratını belə itirmək üzrədir: "Onlar bütün seçkilərdə məğlub duruma düşərək, əslində öz zəifliklərini bir daha təsdiq etmiş oldular. Azərbaycan xalqı öz seçimini çoxdan edib. Müxalifət liderləri isə bu və ya digər mənada xalq tərəfindən heç bir dəstək ala bilməyəcəyini dərk edir. Ona görə də ictimai rəyi aldatmaq üçün, nəzərləri öz üzərlərindən yayındırmaqdan ötrü indi də başlayıblar xarici təşkilatlar qarşısında "məzlum" görünməyə. Guya bələdiyyə bunlar üçün maraqsız seçkilərdir. Halbuki parlament və prezident seçkilərində hər dəfə müxtəlif adda qurumlar yaradıb, guya xalqdan dəstək alacaqlarını düşünürdülər. Əgər bunlar həqiqətən də xalq qarşısında xalqa xidmət göstərdiklərini sübut etməyə çalışırlarsa, onda buyursunlar bələdiyyə seçkilərinə də qatılsınlar. Ancaq onlar bu seçkilərdə də məğlub olacaqlarını çox yaxşı bilirlər".
"Bu gün Leyla Yunus kimi xalqına düşmən kəslmiş adamaları ətraflarına yığıb nə isə edəcəklərini düşünənlər çox yanılırlar"-deyə qeyd edən Namiq Əhmədov bildirdi ki, onlar belə addımlarla xarici qurumlardan qrant almaq üçün həyat səviyyələrini həmin qrantlar qarşılığında zənginləşdirmək istəyirlər: "Onları nə sadəcə elektorat, nə də başqa amillər maraqlandırmır. Məsələn, Leyla Yunus AŞPA-ya öz adamlarını göndərtdirib onların ağızlarını bağlatdırır. Guya bununla hakimiyyətə qarşı təzyiq ediləcəyini düşünür. Ancaq gördüyümüz ortadakı faktlar nə deyir? Biz görürük ki, artıq Qərb də bunların nazı ilə oynamaqdan bezib. Əlbəttə ki, bunun arxasında həm də güclü Azərbaycan amili dayanıb. Artıq Cənab Prezidentimizin də bəyan etdiyi kimi, bizim dövlətə, bizim ölkəyə qarşı kimsə diktə dili ilə danışa bilməz. Qərb və Avropa təsisatları artıq bu reallığı anlamağa başlayıblar. Bunun özü də bir qələbə kimi dəyərləndirilməlidir".
Rövşən NURƏDDİNOĞLU