ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası artıq 3-cü gündür ki, öz işini davam etdirir. SİA-nın məlumatına görə, ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyası bu gün işini siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası ilə davam etdirib.İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq gündəlik barədə məlumat verib. Sonra ATƏT Parlament Assambleyasının müxtəlif ölkələrdən olan nümayəndələri finlandiyalı deputat Pia Kaumanın hazırladığı qətnamə layihəsinə düzəlişlərə dair təkliflərlə çıxış ediblər.İsveçin Assambleyadakı üzvü xanım Asa Lindestam qətnamədə "böhran" ifadəsinin işlədilməsinin vacibliyini vurğulayıb.Kanadalı deputat Cislain Maltes münaqişələrin dinc yolla həll edilməsinin, fundamental hüquqlara hörmət, din, söz, ifadə və digər azadlıqlara insan hüquqları kontekstində baxılmasının önəmini qeyd edib.Qırğızıstan nümayəndəsi Çunubay Tursunbekov ATƏT-in münaqişələrin həlli üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb, danışıqların ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
sia.az