PDF Oxu

Siyasət

  • 21

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti və Azərbaycan dövlətçiliyi Ulu Öndərin gənclər siyasətinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rolu var

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti və Azərbaycan dövlətçiliyi Ulu Öndərin gənclər siyasətinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rolu var

Tədqiqatçı Azər Bayramov göstərir ki, Azərbaycanın gələcək nəslinə ölkənin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edən, yeni təfəkkürə, müasir biliklərə malik olan, eyni zamanda, milli kökə bağlılığını saxlayan xalqın mədəni-mənəvi irsinə mükəmməl yiyələnən yeni nəslin tərbiyəsi Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. O öz çıxış və görüşlərində müstəqil Azərbaycanın gələcəyinə qayğını dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu dəfələrlə vurğulamışdır.

Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin təhlili belə bir fikir yürütməyə imkan verir: bu siyasət təkamülə və intellektual seleksiyaya, azad və sağlam rəqabətə əsaslanır. "Azərbaycanın gənclik elitasının formalaşmasının Heydər Əliyev metodologiyası aşağıdakı tələbləri özündə əks etdirir:

- özünüdərketmə;

- milli, dini mənsubiyyəti əxzetmə;

- dövlətçilik hissi;

- vətənpərvərlik;

- yüksək mənəvi-əxlaqi dəyərlər;

- tolerantlıq;

- yüksək peşəkarlıq;

- təşəbbüskarlıq.

Statistik hesablamalara görə, Azərbaycan Respublikası əhalisinin 60%-dən çoxu gənclərdir. Bu isə o deməkdir ki, ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatı bu və ya digər baxımdan gəncliklə əlaqəlidir. Məhz bu baxımdan Heydər Əliyevin gənclər siyasəti və bu siyasətdən doğan dövlət proqramı cəmiyyət həyatının praktiki olaraq bütün sahələrini əhatə edir, eyni zamanda ölkənin taleyüklü məsələlərində, bilavasitə fəal iştirakını təmin etməklə, prioritet istiqamət rolunu oynayır".

Uşaq və gənclər probleminin uğurlu həlli, elitoloji baxımdan qabaqcıl iniellektual heyətin yetişdirilməsi istiqamətində başlanan fəaliyyət qısa vaxt ərzində nəticələrini verməyə başlamışdır. Belə ki, 1994-ci il iyun ayının 26-da Prezident Heydər Əliyevin Fərmanı ilə ölkədə yeni dövlət qurumu - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təsis olunmuşdur. 2001-ci il aprel ayının 18-də isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsi ləğv edilərək, onun funksiyaları yeni yaradılmış nazirliyə verilmişdir. Hazırda adı çəkilən qurum Gənclər və İdman Nazirliyi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması həm də onunla əlamətdardır ki, bu təsısat postsovet məkanında ilk təsisat olmaqla yanaşı, Azərbaycan dövlətinin gənclər siyasətinə verdiyi bariz nümunənin göstəricisidir. Bu tipli strukturlar Fransa, Bolqarıstan, İtaliya və digər dövlətlərdə mövcud olduğu üçün yeni yaradılmış nazirlik ilk növbədə qabaqcıl təcrübənin öyrənilməsi üçün səmərəli, işgüzar əlaqələrin qurulmasına başlamışdır. Təsadüfi deyil ki, bir müddət sonra Avropa İttifaqı ona üzv olan bütün dövlətlərdə bu tipli nazirliklərin yaradılması məsələsini önə çəkmişdir.

Yeni dövlət təsisatının uğurlu fəaliyyət göstərməsi, gənclər siyasətinin icrasında aparıcı və əlaqələndirici təsisata çevrilməsi xüsusilə də müasir gəncliyin təlim-tərbiyə istiqamətində vəzifələrini uğurla yerinə yetirilməsi üçün müvafiq qanunvericilik bazası fəaliyyət göstərməkdədir. Bu baxımdan 2002-ci ildə qəbul edilmiş "Gənclər siyasəti haqqında" Qanın əsas tənzimləyici sənəd kimi götürülmüşdür. Bundan başqa icrası 2009-cu ilədək nəzərdə tutulan "Azərbaycan gəncliyi" məqsədli dövlət proqramı da yeni nəslin yetişdirilməsi, onların vətənpərvərlik, intellektual, sosial-iqtisadi, mənəvi-əxlaqi və fiziki inkişafını nəzərdə tutmuşdur. Həmin uzunmüddətli proqramın icrası üçün təqribən 10 milyon ABŞ dollarına yaxın vəsait ayrılmışdır.

A.Bayramovun fikrincə, 1996-cı il fevral ayının 22-də Bakı şəhərində Azərbaycan Gənclərinin I forumu öz işinə başlamışdır. Gənclərin ideya-siyasi, intellektual baxımdan inkişafına dair məsələləri müzakirəyə çıxaran həmin forum sonrakı illərdə də təşkil edilmişdir. 1997-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin əmri ilə 2 fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu əlamətdar hadisədən 2 il sonra 1999-cu il iyul ayının 29-da ölkə başçısının "Dövlət gənclər siyasəti haqqında" Fərman imzalanmışdır. Bu sənəddə uşaq, yeniyetmə və gənclərin üzləşdikləri sosial-iqtisadi problemləri həll etmək gənclərin daha geniş təbəqələrini dövlət idarəetmə sisteminə cəlb etmək sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, ölkə gəncliyinin inkişafı məqsədilə 2002-ci ilin aprel ayında "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanunun qüvvəyə minmişdir. Həmin qanuna əsasən respublika gənclər siyasətinin məqsədləri, prinsipləri, təşkilati-hüquqi bazası müəyyən edilərək tənzimlənir.

1995-ci il noyabr ayının 25-də Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurası yaradılaraq fəaliyyətə başlamışdır. Qurumun məqsədi uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirməklə yanaşı, onlar arasında müxtəlif sahələr üzrə istedada malik olanları inkişaf etdirməkdir. Təməli Ümummilli Lider tərəfindən qoyulan bu dövlət siyasəti aşağıdakı istiqamətlər üzrə həyata keçirilməkdədir:

- gənc nəslə dair mükəmməl, beynəlxalq hüquqi normalara cavab verən qanunvericilik bazasının davamlı olaraq formalaşdırılması;

- gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi;

- ölkənin gənc vətəndaşlarında yaradıcı istedadın üzə çıxarılması;

- uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili;

- gənclərin sosial inkişafı, onların məşğulluq problemlərinin həlli;

- gənc ailənin müdafiəsi:

- ölkənin gənc vətəndaşlarının ictimai-siyasi həyatda fəal iştirakı üçün müvafiq şəraitin yaradılması;

- gənc iş adamlarına yardım;

- sağlam hayat tərzinın təbliği istiqamətində fəalliyyət və profilaktik

tədbirlər;

- qaçqın və məcburi köçkünlər arasında gənclərin sosial reabilitasiyası;

- əmək qabiliyyətini itirmiş və əlil olmuş gənclərlə iş;

- tələbə və tələbə təşkilatlarıyla iş.

- beynəlxalq əməkdaşlıq;

- milli-mənəvi dəyərlərə Azərbaycan xalqının tarixinin öyrənilməsinə diqqət;

- tolerantlıq keyfiyyətinin aşılanması.

Bu baxımdan yuxarıda adıçəkilən istiqamətlər üzrə gənclər siyasətinin uğurla reallaşdırılması və bu prosesə daha çox gənclərin cəlb edilməsi, onların arasından daha layiqli və bacarıqlıların seçilməsi məqsədilə müntəzəm olaraq aşağıdakı müvafiq tədbirlər hayata keçirilir:

- gənclərin ümumrespublika forumları, gənc tələbələrin, yaradıcı gənclərin qurultayları;

- məktəblər arasında hərbi vətənpərvərlik oyunları;

- bədii yaradıcılıgın müxtəlif sahələri üzrə sərgi və müsabiqələr;

- istedadlı gənclərin həvəsləndirilməsi və mükafatlandırılması;

- gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə konfranslar, "dəyirmi

masa"lar, treninq kursları;

- gənc şair və yazıçıların əsərlərinin nəşri;

- gənc liderlər məktəbləri;

- intellektual oyunlar üzrə milli çempionatlar;

- audivizual festivallar;

- qaçqın və məcburi köçkünlər arasında yaradıcı festivallar;

- elm və yaradıcılıq həftələri;

- gənclik təşkilatlarının layihələrinə

dair müsabiqələr.

Azərbaycan Prezidenti Heydər Əliyev respublika gənclərinin ikinci forumunda qarşıya qoyulan vəzifələrin qısa vaxt ərzində icrası məsələsinə toxunaraq demişdir: "Məlumdur ki, keçmişdə hamımızın yaşadığı sovet hökuməti dövründə gənclərin təşkilatları komsomol və pioner təşkilatları idi. Sovet hakimiyyəti dağıldı. Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Qarşımıza bir sox problemlər çıxdı. Bunların biri də gənclərin problemidir. Doğrudur, dövlət müstəqilliyini əldə edəndən sonra birinci illərdə bunlarla məşğul olmaq mümkün olmamışdır, yaxud da ki, buna diqqət verilməmişdir, ancaq hesab edirəm ki, Azərbaycanda son dörd ildə gənclər probleminin nizama salınması və həll olunması üçün vacib tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq lazımi işlər görə bilmişik, indi də bu əməlin nəticəsini görürük. İndi tam qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri cəmiyyətdə öz yerini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görür.

A.Bayramov göstərir ki, Heydər Əliyevin elitoloji metodologiyasının əsasını, qeyd edildiyi kimi, təkamül, sağlam rəqabət və millilik prinsipləri təşkil edir. O, yeni və qabaqcul nəslin yetişdirilməsini, onun intellektual inkişafının təməlinin qoyulmasını, müsbət xüsusiyyətlərin və liderlik keyfiyyətlərinin məhz uşaq yaşlarından formalaşdırılmasının vacibliyini həmişə önə çəkmişdir. Bu baxımdan Azərbaycan Respublikasında uşaqların hüquqlarının müdafiəsi məsələləri, onlara sosial qayğı xüsusi əhəmiyyət kəsb etməkdədir.

Belə ki, Azərbaycan Respublikası 1992-1993-cü illərdə uşaq hüquqlarına dair bir sıra beynəlxalq sənədlərə, o cümlədən, BMT-nin Uşaq Hüquqları Konvensiyasına, uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi barədə Ümumdünya Bəyannaməsinə fəal qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında uşaqların sosial, həquqi müdafiəsi ilə əlaqədar məsələlər Azərbaycan Respublikası Konstitusiyasında dəqiq və geniş əhatə olunmaqla yanaşı, "Vətəndalıq haqqında", "Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında", "Dövlətin gənclər siyasəti haqqında", "Azərbaycan Respublikası qanunlarında, əmək, mülki, nigah və ailə məcəllələrində digər qanunverici və normativ aktlarda öz həllini tapmışır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 24 avqust 761 saylı Fərmanı ilə Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanunu təsdiq edilmişdir. Qeyd edilməlidir ki, bu qanun hüquq normalarının, xüsusilə də insan hüquqları haqqında Ümumdünya Bəyannaməsi (1948), Uşaq Hüquqları Bəyannaməsinin (1959), BMT-nin Uşaq Hüquqları Konvensiyasının (1989) və digər sənədlərin tələblərinə tam cavab verir.

1999-cu il dekabrın 12-də Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə Bakıdakı Teleteatrda "Uşaqlar dünyanın sevincidir" devizi altında keçirilən tədbirdə Azərbaycan Respublikasının Pezidenti Heydər Əliyev iştirak edərək müstəqil Azərbaycan dövlətinin öz gələcəyinə diqqət və qayğından danışmış və gənc nəslə dəyərli tövsiyələrini vermişdir. Azərbaycanda idmanın inkişaf etdirilməsi və gənclər arasında kütləvi xarakter alması MOK-un məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir.

Azərbaycan Prezidenti Heydər Əliyev 2002-ci il iyunun 15-də Naxçıvanda Olimpiya Kompleksinin açılışına həsr olunmuş təntənəli mərasimdə çıxış edərək, idmançılarıızın beynəlxalq səviyyəli yarışlarda əldə etdiyi hər bir uğurun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə səbəb olan əməl olduğunu vurğulayaraq ölkə gənclərini idmanla ciddi məşğul olmağa çağırmışdır.

A.Bayramov yazır ki, hazırda Azərbaycan Respublikasında gənclərin sayı 150-dən çox qeyr-hökumət təşkilatı fəaliyyətdədir. Bu təşkilatlar mərhələli şəkildə Azərbaycan gəncliyinin intellektual və mənəvi inkişafına əlverişli zəmin yaratmaqdadır. Ümummilli Lider Heydər Əliyevin yetirdiyi gənclər siyasətinin uğurlu icrası sayəsində hazırda Azərbaycanda təqribən 170 gənclər təşkilatı mövcuddur. "Azad Gənclər" İctimai Birliyi, Azərbaycanın Gənc Diplomatları Birliyi, Bizim Gənclik İctimai Birliyi, Azərbaycan Gənclər İttifaqı, Gənclər üçün Təhsil Mərkəzi, Bakı Gənclər Klubu, "Gənc Liderlər" İctimai Birliyi, Yaradıcı Gənclərin "İstedad" İctimai Birliyi, "İrəli" Ümumrespublika Gənclər Hərəkatı, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Gəncliyin İnkişafı İctimai Birliyi, Azərbaycan və Avropa Şurası Gənclərinin Əməkdaşlıq Təşkilatı, "Gələcəyə körpü" İctimai Birliyi (bu təşkilat Avropa Şurasının "İlin gənclik təşkilatları" siyahısına daxil olan 5 birlikdən biridir). Dünya Azərbaycanlıları İctimai Birliyi, "Yaşlek" Azərbaycandakı Tatar Gəncliyi Mərkəzi, Azərbaycanın Maarifçi Gənclər Təşkilatı, Azərbaycan Gənclərinin Avratlantik Təşkilatı, Gənc İş Adamları Assosiasiyası, Gənc Kinematoqrafçılar Assosiasiyası və bu kimi təşkilatlar Azərbaycanın gənc nəslinin inkişafında mühüm rol oynamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Respublika Gənclərinin II Forumunda (4 mart 1999-cu il) çıxışında ölkənin gələcək aparıcı qüvvələrinə nə dərəcədə önəm verdiyini göstərərək onlara öz tövsiyyələrini vermişdir. Qeyd etmək lazımdır ki, məhz həmin forumda çıxış edən gənclərin nümayəndələri müvafiq dövlət strukturlarının gənclərin problemlərinə günün tələbləri səviyyəsində yanaşmadıqlarını qeyd etmişdilər. Heydər Əliyev bu qeydləri yüksək qiymətləndirərək demişdir: "Siz bizim hakimiyyət orqanlarını tənqid etdiniz. Mən sizin bu cür çıxışlarınızı xüsusi qiymətləndirirəm. Eyni zamanda, təəssüf edirəm ki, sizin burada göstərdiyiniz nöqsanları və həll olunmamış problemləri müvafiq orqanlar indiyədək həll edə bilməmişlər. Ancaq güman edirəm ki, sizin də nöqsanınız ondan ibarətdir ki, bu məsələləri siz vaxtında kəskin olaraq qaldırmamısınız. Mən bəyan edirəm ki, sizin tənqidçi çıxışlarınızdan hamımız nəticə çıxarmalıyıq". Bu kiçik sitat Azərbaycan Prezidentinin gənclərə, onların ictimai-siyasi fəaliyyətinə nə dərəcədə böyük qiymət verilməsilə yanaşı, eyni zamanda onun bir lider kimi məsuliyyətinin, uzaqgörənliynin, ağsaqqallığının, liderliyinin bariz nümunəsidir.

Həmin çıxışda Heydər Əliyev üzünü gənc nəslə tutaraq bildirmişdir: "Siz müasir Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq, ona görə də Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci il dekabr ayının 31-də Respublika Sarayında keçirilmiş uşaqlar üçün yeni il şənliyindəki nitqində dediklərini bir daha xatırladaq: "Siz müstəqil Azərbaycan vətənində doğulmusunuz, dünyaya gəlmisiniz və indi ilk addımlarınızı atırsınız. Bu, böyük bir xoşbəxtlikdir. Bizim nəsillər, bizdən əvvəlki nəsillər Azərbaycanın milli azadlığı, dövlət müstəqilliyi uğrunda çalışıblar, mübarizə aparıblar və nəhayət, 11 il bundan öncə Azərbaycanın dövlət müstəqilliyini əldə ediblər. Biz bu dövlət müstəqilliyini əldə etdiyimizə görə və ən əsası, onun 11 il ərzində qoruyub saxlaya bildiyimizə görə, günü-gündən möhkəmləndirdiyimizə, inkişaf etdirdiyimizə görə fəxr edirik".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər