PDF Oxu

Siyasət

  • 22

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində qələbəsini şərtləndirən ciddi əsaslar mövcuddur"

İyunun 28-də YAP Xətai rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı və digər rəsmi şəxslər iştirak ediblər.

Müşavirdə çıxış edən Əli Əhmədov bildiribdir ki, bu tədbir iki əsas məsələyə həsr olunubdur: "Konfransda bir neçə məsələni müzakirə edəcək, fikir mübadiləsi aparacağıq. Təbii ki, ilk növbədə partiyadaxili məsələlər, partiyanın qarşısında dayanan vəzifələr və onların reallaşması istiqamətində yerli strukturların göstərdikləri səylər, qarşıdakı dövr ərzində görüləcək işlər müzakirə ediləcək. İkinci məsələ isə bir neçə aydan sonra ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə hazırlıqla bağlı fikir mübadiləsi aparacağıq. Partiya olaraq qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı bir neçə ay bundan əvvəl hazırlığımızı elan etmişik. Müvafiq hazırlıq işləri aparılmaqdadır. Yeni Azərbaycan Partiyasının yerli strukturlarına tapşırıqlar verilib və bu gün onların icrası ilə bağlı da fikir mübadiləsi aparılacaq".

YAP Sədrinin müavini Ə.Əhmədov öncə diqqəti ölkəmizdə keçirilən ATƏT-in Parlament Assambleyasının iclasına yönəltdi: "Hesab edirəm ki, bu, Azərbaycanın siyasi həyatında önəmli bir hadisədir. Avropanın ATƏT kimi çox nüfuzlu təşkilatının Parlament Assambleyasının iclasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan rolunun etiraf olunması deməkdir. Azərbaycan son illərdə bir sıra beynəlxalq əhəmiyyətli təşkilatların toplantılarının keçirildiyi məkana çevrilib. İstər siyasi, istər mədəni, istərsə də idman yönümlü təşkilatlar olsun, onların toplantılarına Azərbaycanın ev sahibliyi etməsi ondan xəbər verir ki, ölkəmiz yüksək dinamika ilə inkişaf edir, bu tərəqqi təkcə iqtisadi deyil, digər sferalarda da özünü qabarıq şəkildə göstərir. Azərbaycan modernləşir, müasirləşir, yeniləşir, ən müasir dünyanın, Avropanın bir parçasına çevrilir. Söhbət burda Azərbaycanın coğrafi baxımdan Avropanın bir hissəsi olmasından deyil, mədəniyyət, inkişaf, müasirləşmə baxımından Avropa məkanının bir hissəsinə çevrilməsindən gedir. Azərbaycanı bütün dünya bu şəkildə qəbul edir və dəstəkləyir. İnkişaf nəticəsində həyatımızın bütün sferalarında dəyişikliklər baş verib. Ən böyük tədbirlərin Azərbaycanda keçirilməsi üçün zəruri olan bütün infrastruktur yaradılıb. Azərbaycanda mövcud olan sabitlik, əmin-amanlıq bu tədbirlərin keçirilməsinə əsas yaradır. Bütün bunların hamısı Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin bilavasitə ifadəsidir".

Ə.Əhmədov bu ilin dekabrında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar fikirlərini bildirdi: "İkinci məsələ isə bu ilin dekabrında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədardır. Təbii ki, bu fonda qarşıdan gələn bələdiyyə seçkilərində qələbəmizə böyük inam var. Seçki kampaniyasında istifadə edəcəyimiz ən başlıca və etibarlı resurs ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə əldə etdiyi böyük nailiyyətlərdir. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkənin hərtərəfli inkişafında regionların tərəqqisini başlıca amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımlar öz müsbət nəticəsini verir. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələrin siması dəyişmiş, quruculuq-abadlıq işləri geniş vüsət alıb. Rayonlar arasında sağlam rəqabət gedir. Görülən işlər ictimaiyyətdə xoş ovqat yaradır. Uğurlarımızın davamlılığının təmin edilməsi üçün bütün əsaslar mövcuddur. Möhkəm təmələ əsaslanan siyasət müstəqil Azərbaycanımızın qarşısında yeni-yeni imkanlar açır. Atılan hər bir addımın əsasında vətəndaş amili dayanır. İnsanların rahat, əmin-amanlıq şəraitində yaşayışı, sosial rifah hallarının yüksək səviyyədə olması deyilənlərin təsdiqidir. İnanırıq ki, bu resursların, Prezident İlham Əliyevin gördüyü işlərin təbliği sayəsində Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində uğur qazanacaq, yerli özünüidarə orqanlarında partiyanın təmsilçiləri geniş miqyasda təmsil olunmaq imkanları əldə edəcəklər. Müşavirədə bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar veriləcək. Bu, bizim illər boyu davam edən ənənəmizdir. Bu ənənə həmişə bizə uğur gətirib. Zamanında seçki kampaniyasına başlamaq, uzunmüddətli hazırlıq işləri uğur əldə etməyimizi şərtləndirir." O da bildirildi ki, Yeni Azərbaycan Partiyası daim partiyadaxili nizam-intizamın qorunmasına, daha da möhkəmlənməsinə böyük önəm verir.

Konfransda partiyadaxili məsələlər müzakirə olundu. YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov məsələ ilə bağlı çıxış etdi. Konfrans, həmçinin bu və ya digər məsələlər ətrafında da fikir mübadiləsinin aparılması ilə işini davam etdirdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər