ATƏT-in Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinin Bakıda keçirilən iclası bunun bariz nümunəsidir
Bu gün Azərbaycan çox mühüm, əzəmətli, möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməkdədir. Bunun səbəbi də Azərbaycanın təkcə iqtisadi sahədə deyil, diplomatik və digər sahələrdə də böyük uğurlara imza atmasıdır. Öz daxili siyasətini düzgün quran, iqtisadiyyatını gücləndirən insanların sosial vəzifəsini dövlətin bir nömrəli vəzifəsinə çevirən dövlətlər, sözsüz ki, beynəlxalq aləmdə də nüfuz qazanır. Məhz bu faktorlar Azərbaycanın uğurlu iqtisadi və xarici siyasətinin əsas mahiyyətini təşkil edir. Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdəndir. Azərbaycanın bu gün regionda və dünyada günü-gündən nüfuzunun artması və öz nüfuzu ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsi və ona sədrlik etməsi, həmçinin 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi və digər məqamlar Azərbaycanın diplomatik, siyasi, mədəniyyət və idman sahəsində uğurlarını əks etdirir. Bütün bunlar ölkə Prezidentinin apardığı düzgün xarici və daxili siyasətin məntiqi nəticəsidir.
Azərbaycan siyasətçiləri və politoloqları bildirirlər ki, bu toplantıların Bakıda keçirilməsi ölkəmizin sürətli iqtisadi inkişafına və dünyada nüfuzunun artmasına səbəb olur.
Azay Quliyev: "ATƏT PA-nın yığıncağının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan siyasi çəkisinin, eyni zamanda, dövlətimizə olan etimad və inamın göstəricisidir"
ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü, millət vəkili Azay Quliyev ATƏT PA-nın Bakıda keçirilən 23-cü illik sessiyasını olduqca mühüm bir hadisə hesab edir: "Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın bu sessiyaya ev sahibi seçilməsi təsadüfi deyildir. Bu gün ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə yanaşı, həmin qurumların işində fəal iştirak edir. Bu baxımdan da bir çox ölkələrin ev sahibliyi etmək üçün səylər göstərdiyi bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan siyasi çəkisinin, eyni zamanda, dövlətimizə olan etimad və inamın göstəricisidir. Bildiyiniz kimi, ATƏT PA-da iştirakçı ölkələri təmsil edən 323 deputat vardır. Digər qonaqları da nəzərə alsaq, ümumilikdə təqribən 500 nümayəndə sessiyaya qatılmışdı. Ümumiyyətlə ölkəmiz ATƏT-lə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır. Hökumət əhalinin sosial rifahının yüksəldilməsini, güclü vətəndaş cəmiyyətinin formalaşdırılmasını önəmli hesab edir. Biz ATƏT-in Avropa məkanında təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, təşkilatın növbəti sessiyasının Bakıda keçirilməsi məhz assambleya ilə münasibətlərimizin daha da dərinləşdirilməsi niyyətindən xəbər verir."
Elman Nəsirli: "ATƏT RA-nın sessiyasının Bakıda keçirilməsi Azərbaycanın Qərblə, həm də Şərqlə əməkdaşlığa böyük töhfələr verdiyini sübuta yetirir"
Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli vurğulayıb ki, Azərbaycan-Avropa münasibətləri bu gün xarici siyasətimizdə prioritetdir və bu prioritet ölkəmizə həm Avropanın içərisində özünəməxsus yüksək yer tutmaq, həm Avropa dəyərlərini ölkəmizə gətirmək, həm də maraqlarımızı tam şəkildə əhatə etmək məqsədini daşıyan siyasətdir: "Bu gün Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi bir daha deyilənlərin təsdiqidir. Doğrudan da, Azərbaycan dünyada, o cümlədən Avropada öz inkişaf tempi, gördüyü işlərlə nümunəvi ölkəyə çevrilib. Avropa İttifaqı ilə münasibətlər nə qədər Azərbaycana lazımdırsa, Avropaya bundan çox lazımdır. Bu gün Azərbaycan Avropanın təhlükəsizlik sistemini təmin edən ölkələrdən birinə çevrilib. Eyni zamanda, Azərbaycanı Avropa üçün Şərqi Avropa dəyərlərinə uyğun formada birləşdirən, Avropa üçün elə Avropanın cavab verə bilmədiyi suallara cavab verən ölkəyə çevrilib. Avropa üçün Azərbaycan region ölkələri ilə münasibətlərlə hansı tərzdə qurmağın nümunəsinə çevrilib. Ona görə də, ATƏT RA-nın sessiyasının Bakıda keçirilməsi, ümumilikdə bütün bunlar Azərbaycanın dünyaya öz mövqeyi ilə, apardığı siyasətlə öz maraqlarını müdafiə etməklə yanaşı Qərblə, həm də Şərqlə əməkdaşlığa böyük töhfələr verdiyini sübuta yetirir. Qazanılan uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir. Ümid edirəm ki, bu tədbirdən sonra Azərbaycanı tənqid edən bəzi qurumlar başa düşəcək ki, bu gün Azərbaycan Avropa üçün Avropanın bu regiona etdiyindən daha çox edir".
Politoloq, həmçinin bu günlərdə Strasburqda keçirilən AŞPA-nın sessiyası ilə də bağlı fikirlərini bildirdi və qeyd etdi ki, Azərbaycan Prezidentinin çıxışındakı tezislər və deputatlarla polemikası əslində Azərbaycanın Avropa institutlarına nəzərən siyasətinin əsas parametrlərini ortaya qoydu.
R.HÜSEYNOVA