PDF Oxu

Siyasət

  • 29

96 yaşlı Azərbaycan polisi

96 yaşlı Azərbaycan polisi

İyulun 2-də daxili işlər orqanlarının əməkdaşlarının peşə bayramıdır

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə hökumət təşkil edilir və o, eyni zamanda, cümhuriyyətin ilk Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. 1918-ci il iyunun 24-də AXC milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və məvacib məsələlərinə baxılır. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi təmin edən orqan idi. Həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanıb, yüksək bilik və peşə hazırlığı əldə edib, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb, təşkilati cəhətdən möhkəmlənib.

Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin ilk ayında keçirilən kollegiya iclasında xüsusilə vurğulayıb ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ümummilli Lider Heydər Əliyev siyasi kursunun inkişafı, İlham Əliyevin xalqın yekdil etimadı ilə yenidən dövlət başçısı seçilməsi ilə əlamətdar olub. İclasda daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub.

Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20.465 fakt təşkil edib. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil edib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət "isti izlərlə" açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törədən 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılıb. Nazir bildirib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələrlə müşayiət olunub. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 15 qanunvericilik aktı qəbul edilmiş, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan bir sıra inzibati xətalara görə sanksiyalar sərtləşdirilib. Respublikada dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb.

Nazir Prezident İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini bildirib və dövlət başçısının gənc kadrların hazırlanması prosesini əsas amillərdən biri kimi vurğuladığını xatırladıb. Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin polis və hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib.

"Biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik"

Azərbaycan polisinin peşə bayramı Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə təsis olunub. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gördüyü möhtəşəm işlərin miqyası, o cümlədən, daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolu son dərəcə böyük və əvəzsizdir. Xüsusi qeyd etmək lazımdır ki, məhz Ulu Öndərimizin müdrik və uzaqgörən rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər, aparılan quruculuq işləri və hərtərəfli islahatlar Daxili İşlər Nazirliyi sistemində də xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin möhkəm əsasını qoydu. İmzaladığı fərman və sərəncamlar, göstərdiyi qayğı daxili işlər orqanlarının inkişafında mühüm əhəmiyyət kəsb etməklə bərabər, həm də idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqini sürətləndirib.

Ümummilli Lider Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdi: "Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik". Bu tövsiyəyə uyğun olaraq, nazirliyin qarşısında duran ən əsas vəzifələrdən biri böyük çətinliklər və gərgin səylər hesabına qazanılmış müsbət mövqeləri əldən verməmək, uğurlardan arxayınlaşmamaq, onları qoruyub saxlamaq və daha da artırmaqdır. Bunun üçün polisin kifayət qədər qüvvəsi, potensialı və kadr ehtiyatı var.

Prezident İlham Əliyev daxili işlər orqanlarına daim böyük önəm verir

Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra DİN-in inkişafı daha da sürətlənib, şəxsi heyətin peşəkarlıq səviyyəsi artırılıb, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini, struktur qurumların maddi-texniki bazasını köklü surətdə yaxşılaşdırılıb. Ötən dövrdə nazirliyin Polis Akademiyasında ən yüksək tələblər səviyyəsində tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilib. Akademiyada ixtisaslı polis kadrlarının hazırlanması üçün hər cür şərait yaradılıb.

Şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları artırılıb, habelə, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təminində mühüm əhəmiyyət kəsb edən xeyli sayda avadanlıq, avtomobil, xüsusi texnika və vasitələr alınıb. Nazirliyin bir çox struktur qurumları üçün lazımi şəraiti olan yeni inzibati binaların inşası və təchizatı da həyata keçirilib. Cəmiyyətin qorunmasında xüsusi önəm daşıyan DİN bundan sonra da ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışacaqdır. Təbii ki, bu önəmin tərkib həissəsi dövlətin bu istiqamətdə göstərdiyi əhəmiyyətli amil - DİN işçilərinə diqqət və qayğı dayanır.

R.HÜSEYNOVA

Digər xəbərlər