Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının fəal gəncləri növbəti xeyriyyə aksiyasını keçiriblər. Gənclər qocalar evinə gedərək, bir qrup ahılla birgə Gəncə şəhərinin ən füsunkar, müqəddəs məkanı olan Heydər Əliyev Park Kompleksinə gəliblər. Qurtuluşumuzun rəmzi olan, əfsanəvi "Zəfər Tağı" qarşısında ayaq saxlayan yaşlı nəslin nümayəndələri, unudulmaz xatirələri yada salaraq arxada qalan illəri yenidən vərəqləyiblər, bu günümüzün uğurlarını, qələbələrini alqışlayıblar. Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın, həmçinin qədim Gəncənin çox böyük inkişaf yolu keçdiyini söyləyiblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Görüş iştirakçıları mərkəzdə Ulu Öndərin həyatı, ictimai-siyasi fəaliyyəti əks olunan şəkillərə, slaydlara baxıblar, həmçinin gənclər üçün "TOEFL", "İELTS" kursları, müasir kitabxana, xalçaçılıq tədris otağı ilə tanış olduqdan sonra, burada yerləşən əyləncəli "10D Cinema" da maraqlı film izləməkdən zövq alıblar.
Sonda gənclər və nurani yaşlılara park kompleksdə yerləşən "La Rocco" kafesində çay süfrəsi verilib.
R.NURƏDDİNOĞLU