PDF Oxu

Siyasət

  • 11

Elçin Mirzəbəyli: “Əli Kərimli şoumenlik edir”

Elçin Mirzəbəyli: “Əli Kərimli şoumenlik edir”

"ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyası hələ ölkəmizdə keçirilməmişdən öncə Azərbaycana bəzi mövqedə dayanan qüvvələr bu toplantını gözdən salmaq üçün əllərindən gələni edirdilər. Təbii ki, bunun üçün də özlərinin nüfuz müvəkillərindən daim onlara xidmətlərini təklif edən Əli Kərimli kimilərindən istifadə ediblər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli AXCP sədri Əli Kərimlinin Bakıda keçirilən ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyası zamanı zala buraxılmadığına görə Azərbaycan hökumətinin günahlandırılmasına münasibət bildirərkən deyib.Siyasi şərhçinin sözlərinə görə, ikinci fakt ondan ibarətdir ki, Əli Kərimli və bu qəbildən olan insanların ölkənin siyasi arenasında müxtəlif müstəvilərdə rəqabət aparmaq imkanları yoxdur: "Təbii ki, ölkədə keçirilən bütün seçkilər də bunu sübuta yetirdi. Əli Kərimlinin hazırda rəhbərlik etdiyi partiyanın faktiki olaraq bütün rəyasət heyəti üzvlərinin həmin partiyanın sıralarını tərk etməsi və onu təklikdə qoyması buna sübut kimi göstərilə bilər. Hər kəs bu adamın faktiki olaraq Azərbaycanın milli maraqlarının əleyhinə çıxış etdiyini yaxşı bilir. Belə olan təqdirdə Əli Kərimli gündəmdə qalmaq üçün mütəmadi olaraq bu qəbildən olan şou elementlərindən istifadə edir. Bu gün onun fəaliyyəti faktiki olaraq siyasi deyil, əksinə şoumen xarakteri daşıyır. Bu baxımdan hesab edirəm ki, təəccüblənməyə ehtiyac yoxdur.Bakıda keçirilən ATƏT PA-nın 23-cü yay sessiyasına gəlincə deyə bilərəm ki, tədbirin təşkili, orada qəbul olunan qərarlar, Azərbaycan nümayəndə heyətinin iştirakı və cənab Prezident İlham Əliyevin həmin tədbirdə çıxışı zamanı verdiyi mesajlar ATƏT PA-nın yay sessiyasını bütövlükdə bir hadisəyə çevirdi. Bundan öncə də ATƏT PA-nın dünyanın digər ölkələrində tədbirləri keçirilirdi amma heç bir zaman bu qədər və mühüm, diqqət mərkəzində olan tədbir təşkil olunmamışdı. Bu mənada hesab edirəm ki, bu ilk növbədə Azərbaycanın uğurudur. Təbii ki, bu uğura sevinməyənlər və bunu gözdən salmağa cəhdlər də olacaq".

sia.az

Digər xəbərlər