Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 5 iyul 2002-ci il tarixli Fərmanı soydaşlarımız arasında milli birliyi möhkəmləndirdi
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət Ümummilli Lider Heydər Əliyev ötən əsrin sonlarında cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək və əlaqələri inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli Lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Ümummilli Lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. 5 iyul 2002-ci il tarixində imzalanan bu rəsmi sənəddən bu gün 13 il keçir. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.
Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan diasporu təşkilatlanaraq ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Sözsüz ki, bu qədər sayda həmvətəimizin xarici ölkələrdə məskunlaşması Azərbaycan həqiqətləri ilə bağlı reallıqların geniş bir şəkildə diqqətə çatdırılmasında mühüm rola malikdir. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi diaspor siyasəti uğurlarla nəticələnir. Belə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Reallıqlara söykənərək deyə bilərik ki, Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı, "20 Yanvar" faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, İslam Konfransı Təşkilatının üzvü olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər həyata keçirilib.
Dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərin sayına görə Azərbaycanın Avropa ölkələrinin önündə olduğunun şahidi oluruq. Qeyd edək ki, ümumilikdə təkcə 2013-cü il ərzində Avropa ölkələri üzrə müxtəlif istiqamətlərdə 241 tədbir həyata keçirilmişdir ki, bu da bütün regionlar üzrə keçirilmiş tədbirlərin 41,33 faizini təşkil edir. Avropa ölkələrində də Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi, ölkəmizin müasir inkişaf səviyyəsi və mövcud turizm potensialı, həmçinin əldə etdiyi nailiyyətlər, qarşılaşdığı müxtəlif problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Avropa ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan diaspor təşkilatları Avropanın müxtəlif ölkələrində erməni diasporu və lobbisinin təşkil etdiyi anti-təbliğat kampaniyalarının qarşısının alınması və ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşdırılması üçün müxtəlif formatlı tədbirlər və layihələr həyata keçirmişlər. Avropa regionunda keçirilən məqsədyönlü tədbirlər, milli maraqlarımızın təmin olunması və mədəni irsimizin təbliği istiqamətində təşkil olunmuş təbliğat kampaniyaları dünya ictimaiyyətində ölkəmiz haqqında obyektiv rəyin formalaşdırılmasında mühüm rol oynayır.
Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən həyata keçirilən tədbirlər əvvəlki illərə nisbətən həm əhatə dairəsinə görə, həm kəmiyyət, həm də mahiyyət baxımdan əvvəlki illərlə müqayisədə daha da təkmilləşib. Dünyanın müxtəlif ökələrində Azərbaycan mədəni irsinin və tarixinin təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əldə olunmuş uğurlar həmin ölkələrdəki ideoloji bazaya əsaslanan güclü diasporun olmasının bariz göstəricisidir.
Son illər Azərbaycan xalqı keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyub. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə əlverişli şərait yaradıb. Ötən il Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumlarının Rəhbərlərinin I Toplantısı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığı gücləndirmək, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsi və gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məqsədi baxımından əhəmiyyətlidir. Bakıda Birinci Cənubi Qafqaz Forumunun keçirilməsi də uğurlu hesab olunur.
Bu gün ölkəmizdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr qoyur. Müasir dövrdə diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda mühüm işlər görülür. Prezident Cənab İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.
NƏZAKƏT ƏLƏDDİNQIZI