"Müxalifət vaxtaşırı parçalanır, qruplaşır eləcə də ayrı-ayrı nümayəndələri öz ətrafına bir qrup kimi yığaraq onu siyasi partiya elan edirlər. Təbii ki, Sülhəddin Əkbər də onlardan biridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ötən gün Azad Demokratlar Partiyasının təsis qurultayında Sülhədddin Əkbərin partiyanın sədri seçilməsinə münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının sözlərinə görə, bu şəxs uzun müddət Azərbaycan Xalq Cəbhəsində (AXC), daha sonra isə Müsavatda, Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasında təmsil olunub: "S.Əkbər indi yeni partiya yaradıb. Artıq siyasi tədqiqatçılar onun neçənci partiya dəyişdiyinin hesabını da itiriblər. İyulun 6-da keçirilən Azad Demokratlar Partiyasının təsis qurultayı da yeni partiya yaranması mesajı olsa da, əslində bu, müxalifət daxilində gedən parçalanma prosesinin yeni bir təzahürüdür. O zaman siyasi partiya yaranması cəmiyyətdə böyük maraq doğurur ki, ona sosial tələbat olsun və onun yaranması ilə cəmiyyət özünün müəyyən maraqlarını bağlasın və problemlərin həllini gözləsin.Bu gün Azərbaycan ictimaiyyətinin müxalifətin güclənməsinə marağı yoxdur. Azərbaycan xalqı öz problemlərinin həllini Prezident İlham Əliyevin fəaliyyətində və hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) cəmiyyətlə sıx bağlılığında görür. Hər seçkidən-seçkiyə dövlət başçısının siyasəti böyük uğur qazanır. Bu baxımdan nə ənənəvi, nə də yeni yaranan siyasi partiyaların hər hansı uğur qazanacağı inandırıcı deyil. Artıq indidən Sülhəddin Əkbərin yeni bir siyasi qrup yaratması elə müxalifət düşərgəsinin özündə böyük qıcıqlanma yaradıb. Çünki onlara məlumdur ki, bu şəxs sosial bazanı kənarda deyil, əksinə onların özündən götürəcək. Azərbaycan cəmiyyətinin müxalif düşərgəsi həddindən artıq kiçikdir. Bu düşərgə uğrunda mübarizədə Sülhdəddin Əkbər də öz qrupu ilə mübarizəyə başlayacaq".
sia.az